Ermənilər əsirlərimizə qarşı cinayət işi açdılar
Bu barədə "Sputnik Armenia" xəbər yayıb
Ermənistanda saxlanılan azərbaycanlı hərbçilər - Aqşin Bəbirov və Hüseyn Axundovla bağlı cinayət işi açılıb.
"Sputnik Armenia" xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb. Bildirilib ki, onlar həbs edilib.
Ermənistan ombudsmanı Anahit Manasyan Azərbaycan Silahlı Qüvvələrinin əsirlikdə olan 2 əsgərinə baş çəkib.
Bu arada Ermənistanın Ombudsman aparatının mətbuat xidməti məlumat yayıb. "Manasyan onların saxlanma şəraiti ilə tanış olub. Hərbçilər onlara qarşı irəli sürülən ittihamlarla tanış olduqlarını bildiriblər", - deyə məlumatda qeyd olunub.
"Sərhədi qanunsuz keçmək, silah və sursatların daşınması Ermənistandakı hərbçilərimizə yüklənən maddələrdir...". Bunu azərbaycanlı politoloq Fərhad Məmmədov deyib.
"Ermənistan rəhbərliyi hər şeyi edir ki, Azərbaycanın tərkibində, Qarabağda qanunsuz yaşayan on minlərlə Ermənistan vətəndaşı həbs edilsin və ya Azərbaycan Respublikası ərazisini tərk etsin". Bunu da Fərhad Məmmədov deyib.
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Naxçıvanda xidmətdə olan 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüblər. Onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki əsgərimiz Ermənistanda saxlanılıb.
Sosial şəbəkələrdə Hüseynin ermənilər tərəfindən işgəncələrə məruz qalmasını əks etdirən görüntülər paylaşılıb.