Ermənilər Həkəri körpüsünə ağ bayraqla gəlmək istəyirlər
Hərbi cani Robert Köçəryanın maliyyələşdirdiyi "itkin düşmüş əsgərlərin qohumları" təxribat hazırlayır
Biz danışıqlar üçün ağ bayraqla Həkəri körpüsünə gedəcəyik - itkin düşmüş əsgərlərin qohumları Azərbaycanla əlaqə saxlamaq istəyirlər.
İtkin düşmüş erməni əsgərlərinin qohumları bu gün yenidən Ermənistan hökumət binasının qarşısında toplaşaraq hakimiyyətə yaxınlarının taleyi ilə bağlı konkret məlumat vermək üçün bir həftə vaxt verdiklərini açıqlayıblar.
Arsen Qukasyan adlı bir şəxs (itkin düşmüş əsgərin qohumu) bildirib ki, vahid məlumat bazası yaratmaq üçün təşəbbüs qrupu ilə əlaqə saxlaya biləcək (1990-cı illərə aid) azərbaycanlıların dəfn yerləri haqqında məlumatı olan insanlar var.
"Biz danışıqlar üçün ağ bayraqla Həkəri körpüsünə getməyə, oxşar statusa malik azərbaycanlılarla əlaqə saxlamağa hazırıq ki, bir-birimizə itkin düşmüş qohumlar haqqında məlumat tapmaqda kömək edək. Artıq hökumətə, Avropaya, ABŞ-a və ya Rusiyaya güvənmirik, bütün ümidlər özümüzədir. Bütün mümkün vasitələrdən istifadə etməliyik", - Qukasyan deyib.
Qeyd edək ki, Ermənistan rəhbərliyinin rəsmi məlumatlarına görə, İkinci Qarabağ müharibəsindən sonra 217 erməninin taleyi qeyri-müəyyən qalıb. Müharibədən bir neçə vaxt sonra hərbi cani Robert Köçəryanın maliyyə dəstəyi ilə bir qrup şəxs "itkin düşmüş əsgərlərin qohumları" qiyafəsində Paşinyan hakimiyyətinə vaxtaşırı təzyiq vasitəsi kimi istifadə olundu. Onların səsi çoxdandır çıxmırdı, lakin Köçəryanın 1 mart 2008-ci il hadisələrinə görə məhkəməsi başlayan kimi "itkin düşənlərin qohumları" dərhal aktivləşdi və etiraz aksiyalarına başladılar.
1 dəqiqə