XƏBƏRLƏR / Qonşular

Ermənilər kəndlərimizi azad etmək üçün parlamenti toplayır

Təcili iclasın çağırılması təklifi ilə müxalifətdə olan rusiyapərəst fraksiyalar çıxış edib

Ermənilər kəndlərimizi azad etmək üçün parlamenti toplayır
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Ermənistan parlamentində Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası və demarkasiyası ilə bağlı keçiriləcək iclasda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və baş nazirin müavini Mqer Qriqoryan da iştirak edəcək.

    Bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan parlamentin növbəti iclasında deyib.

    Onun sözlərinə görə, Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası və demarkasiyası ilə bağlı məsələlərin müzakirəsi üçün Ermənistan parlamentində təcili iclas çağırılacaq.

    Qeyd olunub ki, təcili iclasın çağırılması təklifi ilə "Ermənistan" (Robik Köçəryanın dəstəsi) və "Şərəfim var" (Serjik Sarkisyanın dəstəsi) fraksiyaları çıxış ediblər. Ermənistan parlamentinin müxalifət fraksiyasının nümayəndələri iclasda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və baş nazirin müavini Mqer Qriqoryanın da iştirakını təklif edib.

    Xatırladaq ki, martın 7-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın yeddinci görüşü keçirilib.

    Tərəflər delimitasiya məsələləri üzrə fikir mübadiləsi aparıb və Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırılmasına başlayıb, habelə delimitasiya işlərinin görülməsinin qaydası üzrə müvafiq təlimatların layihələrini müzakirə ediblər.