Ermənistan Aİ-yə üzvlük üçün müraciət etməyi planlaşdırır
Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib
Ermənistan Avropa İttifaqına üzvlük üçün müraciət etməyi nəzərdən keçirir. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan "TRT World" telekanalına müsahibəsində deyib.
O qeyd edib ki, bu gün Ermənistanda bir çox yeni imkanlar geniş şəkildə müzakirə olunur
Nazir bildirib ki, hələlik bu prosesin nəticəsini heç kim proqnozlaşdıra bilməz.
“Son üç-dörd il ərzində üzləşməyə məcbur olduğumuz çağırışları nəzərə alaraq, Ermənistanda mövcud yeni imkanlar fəal şəkildə müzakirə olunur. Onların arasında Aİ-yə üzvlük ideyasının da olduğunu desəm, sirr açmayacağam”, - nazir deyib.
Mirzoyanın sözlərinə görə, Aİ və ABŞ Ermənistanda demokratik islahatları təşviq edir. O, tərəfdaşlar və müttəfiqlər dairəsinin genişləndirilməsini vacib hesab edir. “Biz Aİ və ABŞ ilə münasibətləri dərinləşdirir, eyni zamanda ənənəvi əlaqələri qoruyub saxlayırıq və ya məsələn, Şərqə baxırıq. Biz Hindistanla əlaqələr qururuq... Qonşularımızla münasibətləri tənzimləmək də prioritet məsələdir”, - deyə Ermənistan XİN rəhbəri əlavə edib.
Xatırladaq ki, Ermənistan parlamentinin hakim partiyadan olan deputatları bir neçə gün əvvəl ölkənin təhlükəsizlik şurasının katibi Armen Qriqoryanın iştirakı ilə qapalı görüş keçirib. "Hraparak" qəzeti yazıb ki, görüşdə Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlüyə namizədlik ilə bağlı müzakirələr aparılıb. Deputatlar Aİ üzvlüyünə namizəd olmaq üçün müraciət zamanı gözlənilən həm təhlükələri, həm də imtiyazları, eləcə də digər təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb.