Ermənistan Rusiya ilə dəmir yolunun aqibətini müzakirə edib
Ermənistan-Rusiya işçi qrupunun ilk iclasında "Cənubi Qafqaz Dəmir Yolu" QSC-nin konsessiya idarəçiliyi haqda danışıblar
İrəvanda "Cənubi Qafqaz Dəmir Yolu" QSC-nin konsessiya idarəçiliyinin səmərəliliyi ilə bağlı məsələləri müzakirə etmək üçün yaradılmış Ermənistan-Rusiya işçi qrupunun ilk iclası keçirilib.
Ermənistan Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat xidmətindən "Armenpress"ə verilən məlumata görə, işçi qrupun rəhbəri, nazir müavini Davit İvanyan hökumətin dəmir yolu şəbəkəsinin inkişafı və regional kommunikasiyaların bərpası ilə bağlı mövqeyini təqdim edərək, onların regionun və Ermənistanın iqtisadiyyatı üçün əhəmiyyətini vurğulayıb.
Görüş zamanı Rusiya tərəfi dəmir yolu şəbəkəsinin inkişafı və yük daşımalarının artım perspektivləri ilə bağlı qiymətləndirməsini təqdim edərək, regionda rəqabət, mövcud tutum və investisiya gəlirlərinin təmin edilməsi məsələlərinə diqqət yetirib.
Görüşdən sonra tərəflər işi davam etdirmək və yaradılmış işçi qrupunun məqsədlərini həll etmək üçün müntəzəm görüşlər keçirmək barədə razılığa gəliblər.
1 dəqiqə