Ermənistanda həbs edilmiş keşişlərin əmlakı yoxlanılır
Bu barədə Ermənistan KİV-i öz mənbələrinə istinadən məlumat yayıb

Ermənistanda təhlükəsizlik qüvvələri həbs edilmiş erməni kilsəsinin arxiyepiskopları və onları müşayiət edən şəxslərin əmlakını yoxlamağa başlayıb.
Arxiyepiskoplar Baqrat Qalstanyan və Mikael Ajapaxyana qarşı cinayət işi başlandıqdan və onların həbsindən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları onların yaxın ətrafının əmlakında genişmiqyaslı yoxlamalara başlayıblar.
Bu barədə Ermənistan KİV-i öz mənbələrinə istinadən məlumat yayıb.
Həbs edilən iki din xadimi ilə bu və ya digər şəkildə əlaqədə olanların hamısının əmlakı yoxlanılır.
İyunun 24-də Ermənistanın baş naziri Nikol Paşinyan hökumətyönlü mediada hakimiyyəti ələ keçirmək planı olduğu iddia edilən sənədin skanını dərc etdikdən sonra dövlət çevrilişi hazırlandığını bəyan edib.
Bundan sonra axtarışlara və bununla bağlı şübhəli bilinən şəxslərin saxlanılmasına başlanılıb, təhlükəsizlik qüvvələri Erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının və katolikosunun Eçmiədzindəki iqamətgahlarına soxulub. Məhkəmə arxiyepiskop Qalstanyanı və Şirak yeparxiyasının rəhbəri arxiyepiskop Acapaxyanı iki ay müddətinə həbs edib.