Formula 2: Bakıdakı sıralama turunda iki pilot qəza törədib
20 döngə, 51 dövrədən ibarət olan Bakı treki ümumilikdə 306,049 km məsafəni əhatə edir YENİLƏNİR
15:37
Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisinin sıralama turunda iki pilot qəza törədib.
"Campos Racing"dən İsak Hacar və onun komanda yoldaşı Xosep Maria Martinin idarə etdiyi bolidlər baryerə çırpılıb.
Nəticədə qırmızı bayraq qaldırılıb və sıralama turu bir müddətlik dayanıb.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyarın 15-də başa çatacaq.
***
14:10
"Ferrari" pilotu Şarl Lekler Bakıda keçirilən Azərbaycan Qran-prisində qəza törədib.
Sürücünün idarə etdiyi bolid birinci sərbəst yürüşdə səddə çırpılıb.
Hadisə 15-ci döngədə baş verib. Nəticədə qırmızı bayraq qaldırılıb.
Leklerin avtomobili trasdan çıxarılıb.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.
***
13:34
Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib.
Birinci sərbəst yürüş saat 13:30-da başlayıb.
Bu gün "Formula 1"də ikinci test yürüşü, "Formula 2"də isə sıralama turu gerçəkləşəcək.
"Formula 2"də sərbəst yürüşdə ən yaxşı nəticəni "Van Amersfoort Racing"dən Entso Fittipaldi göstərib.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.
***
11:55
Bakıda keçirilən Formula 2 yarışlarının Azərbaycan Qran Prisinin sərbəst məşqində ilk qəza baş verib.
"MP Motorsport" komandasının sürücüsü Oliver Götenin avtomobili təhlükəsizlik baryerinə çırpılıb.
Hadisə ilə əlaqədar marşallar qırmızı bayraq qaldırıblar və avtomobil trasdan çıxarılıb.
Azərbaycan Qran Prisi sentyabrın 15-də başa çatacaq.
11:54
Bakıda Formula 2 üzrə Azərbaycan Qran-Prisində sərbəst yürüş başa çatıb.
45 dəqiqə davam edən yürüşdə ən yaxşı nəticəni "Van Amersfoort" komandasından braziliyalı Enzo Fittipaldi göstərib.
"İnvista"nın hindistanlı pilotu Kuş Maini ikinci, "Prema"nın italiyalı sürücüsü Kimi Antenolli üçüncü olub.
Saat 13:30-dan 14:30-dək isə Formula 1 üzrə sərbəst yürüş keçiriləcək.
Saat 15:00-da Formula 2-də sıralama turu, 17:00-da isə Formula 1-də ikinci sərbəst yürüş başlayacaq.
Qeyd edək ki, Formula 2 yarışında 10 komanda birincilik uğrunda mübarizə aparır. Hər komandanı iki pilot təmsil edir.
***
11:02
Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisinə start verilib.
Sərbəst yürüş saat 11:00-da başlayıb.
Bu gün "Formula 1"də iki test yürüşü, "Formula 2"də isə sıralama turu da gerçəkləşəcək.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.
***
09:01
Bu gün "Formula 1" üzrə Azərbaycan Qran-prisi start götürəcək.
İlk gündə iki sərbəst yürüş keçiriləcək.
Bundan əlavə, "Formula 2"də də sınaq yürüşü ilə yanaşı, sıralama turu da gerçəkləşəcək.
20 döngə, 51 dövrədən ibarət olan Bakı treki ümumilikdə 306,049 km məsafəni əhatə edir. Paytaxtdakı ilk yarış Avropa Qran-prisi kimi 2016-cı ildə baş tutub. Sonrakı yeddi turnir Azərbaycan Qran-prisi adlanıb.
2016-cı ildə almaniyalı Niko Rozberq yarışı hamıdan tez tamamlayıb. Növbəti illərdə müvafiq olaraq Daniel Rikkardo (Avstraliya), Lyuis Hemilton (Böyük Britaniya), Valtteri Bottas (Finlandiya), Serxio Peres (Meksika) və Maks Ferstappen (Niderland) treki birinci pillədə başa vurublar. 2023-cü ildə isə Peres ikinci dəfə Bakıda qalib gəlib. 2020-ci ildə koronavirus pandemiyası səbəbindən paytaxtımızda yarış təşkil olunmayıb.
Azərbaycan Qran-prisinə qədər "Red Bull"un niderlandlı pilotu Maks Ferstappen 303 xalla liderdir. "McLaren"dən Lando Norris 241 xalla ikinci, "Ferrari"dən Şarl Lekler 217 xalla üçüncü pillədə qərarlaşıb. Norrisin komanda yoldaşı Oskar Piastri 197 xalla dördüncü, "Ferrari"nin digər sürücüsü Karlos Sayns 184 xalla beşincidir.
Konstruktorlar kubokunda "Red Bull" 446 xalla xalla birinci, "McLaren" 438 xalla ikinci, "Ferrari" 407 xalla üçüncüdür.
Azərbaycan Qran-prisində ilk günün proqramı
11:00. "Formula 2": Sərbəst yürüş
13:30. "Formula 1": Birinci sərbəst yürüş
15:00. "Formula 2": Sıralama turu
17:00. "Formula 1": İkinci sərbəst yürüş
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.