“Qəbələ - Xankəndi” ultramarafonu YENİLƏNİB
Marafon aprelin 13-də Xankəndi şəhərində başa çatacaq

12:30
Qəbələ-Xankəndi ultramarafonunda ilk mərhələyə yekun vurulub.
Ultramarafon iştirakçıları Qəbələdən Ağdaşadək 55 kilometr məsafə qət ediblər.
İlk mərhələnin qalibi türkiyəli atlet Üzeyir Söyləməz olub. İkinci yeri onun həmyerlisi Ömər Alkanoğlu, üçüncü yeri isə gürcüstanlı Giorgi Lomidze tutub.
Qeyd edək ki, ultramarafona 81 atlet qatılıb. Onların 23-ü qadın, qalanları kişi idmançılardır. Yarış iştirakçıları arasında Türkiyə, Ukrayna, Rusiya, Moldova və Gürcüstan atletləri də var.
“İdman Paytaxtı” Qəbələ şəhərindən start götürən marafonun iştirakçıları 192 kilometr məsafəni qət edərək Xankəndidə finişə çatacaqlar.
Ultramarafon iştirakçıları bundan sonra Ağdaş-Bərdə (65 kilometr), Bərdə-Ağdam (44 kilometr), və Ağdam-Xankəndi (28 kilometr) mərhələləri üzrə yarışacaqlar. Hər mərhələnin qalibləri ayrıca təltif ediləcək, ultramarafonun ümumi qalibləri isə baş mükafata layiq görüləcəklər.
***
11:06
Marafon başlamadan əvvəl Qəbələdə tədbir keçirilib.
Tədbirdə Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, deputatlar, marafon iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Qəbələ Mədəniyyət Mərkəzindən start götürən “Qəbələ - Xankəndi” ultramarafonu 192 km məsafəni əhatə edir.
Marafon dörd mərhələdən ibarətdir: birinci mərhələ Qəbələ - Ağdaş, ikinci Ağdaş - Bərdə, üçüncü Bərdə - Ağdam, sonuncu mərhələ isə Ağdam - Xankəndi.
Qəbələ-Xankəndi ultramarafonunda altı ölkədən 100-ə yaxın qaçışçı iştirak edir: Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, Moldova və Ukrayna.
Marafon aprelin 13-də Xankəndi şəhərində başa çatacaq.