XƏBƏRLƏR / Diplomatiya

Fransa səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb

Ann Buayona COP29 mövzusunda Fransanın Azərbaycanın sədrliyi ilə bağlı hərəkətlərinə etiraz edilib

Fransa səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb
Ann Buayon
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Fransa səfiri Ann Buayon Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb.

    XİN-dən verilən məlumata görə, görüş zamanı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində və sessiya zamanı Fransanın Azərbaycan sədrliyinin hədəf alınmasına etiraz bildirilib.

    "Bu xüsusda, Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin bu mötəbər tədbirinin boykot edilməsinə çağırışların, bir çox dövlət başçılarının tədbirə qatılmamağa Fransa tərəfindən təşviq edilməsinin, eləcə də COP29 konfransı başlayan zaman Fransanın xüsusi səyləri ilə Avropa Parlamentində sədrliyimizi əsassız şəkildə tənqid edən, ümumilikdə isə iqlim dəyişmələri ilə mübarizə sahəsində qlobal səylərimizə qarşı çevrilmiş qətnamənin qəbulunun qəbuledilməz olduğu vurğulanıb", - məlumatda qeyd olunub.

    Bundan başqa səfirin diqqətinə Ermənistanın geniş şəkildə silahlanmasını həyata keçirən, militarizmi və revanşizmi təşviq edən Fransanın addımlarının sülh prosesinə zərbə olduğu çatdırılıb.

    "Azərbaycanı hədəf alan, eləcə də normallaşma prosesini təhlükə altına salan bu addımlara son qoyulması Fransa tərəfindən təkidlə tələb olunub", - XİN-in məlumatında deyilir.

    Ötən gün Fransanın Xarici İşlər Nazirliyi iki ölkə arasında münasibətlərdə gərginlik fonunda Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevanı nazirliyə çağırmışdı.