XƏBƏRLƏR / Qayıdış

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları verildi FOTO

Beləliklə, Füzuli şəhərinə köçürülən ailələrin ümumi sayı 3132 nəfərə çatacaq

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları verildi FOTO
  • Oxuma müddəti:

    3 dəqiqə

  • 13:47

    Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün növbəti köç karvanı ilə Füzuliyə çatan ailələrə yeni mənzillərinin açarları təqdim olunub.

    39 ailə olmaqla, 153 nəfər Füzuli sakini doğma yurduna qovuşub.

    Yeni köçən ailələrə ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış silah-sursatların təhlükəsi barədə ətraflı məlumat verilib. Naməlum əşyalar və cisimlərdən uzaq durmaları və belə hallarla qarşılaşdıqları zaman müvafiq qurumlara xəbər vermələri tövsiyə olunub.

    Açarların təqdim edilməsi mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri və digər şəxslər iştirak ediblər.

    Ailələr sevinc hissi ilə mənzillərinin açarlarını təhvil alaraq, yeni evlərində məskunlaşıblar.

    Bununla da Füzuli şəhərində 822 ailənin, yəni 3132 nəfərin məskunlaşması təmin olunub.

    Qarşıdakı günlərdə Füzuli şəhərinə ailələrin köçürülməsi davam edəcək.

    ***

    12:40

    Bu gün səhər saatlarında Bakı şəhərinin Qaradağ rayonundan və respublikanın müxtəlif bölgələrindən yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb.

    Füzuli şəhəri doğma sakinlərini qarşılamağa davam edir. Bu gün 39 ailə olmaqla, 153 nəfər Füzuli sakini öz yurduna qovuşub.

    Bugünki köç karvanı respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub. Bakıdan 27 ailə (110 nəfər), Sumqayıtdan 5 ailə (14 nəfər), Füzulidən 3 ailə (10 nəfər), Şamaxıdan 2 ailə (8 nəfər), Abşerondan 1 ailə (7 nəfər), Yevlaxdan 1 ailə (4 nəfər) doğma yurduna qovuşub.

    Bakı və Sumqayıt şəhərlərindən, Abşeron rayonundan köçürülən ailələr Qaradağ rayonunun “Qobu Park-3” köçkün şəhərciyindən yola salınıb, Yevlax şəhəri, Füzuli və Şamaxı rayonundan yola salınan ailələr isə Füzuli rayonunun Əhmədbəyli kəndində köç karvanına qoşularaq bir yerdə hərəkət ediblər.

    Füzuli şəhərinə çatan ailələr böyük coşqu ilə qarşılanıblar, onlar doğma yurda qovuşmağın sevincini yaşayıblar.

    Bununla da Füzuli şəhərində 822 ailənin, yəni 3132 nəfərin məskunlaşması təmin edilib.

    ***

    07:55

    Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı aprelin 29-da yola salınıb.

    Bu mərhələdə Füzuli şəhərinə daha 39 ailə - 153 nəfər köçürülür.

    Bakı və Sumqayıt şəhərlərindən, Abşeron rayonundan köçürülən 33 ailə (131 nəfər) paytaxtın Qaradağ rayonundan yola salınıb.

    Yevlax şəhərində, Füzuli və Şamaxı rayonunlarında məskunlaşmış 6 ailə (22 nəfər) məskunlaşdıqları ərazidən yola salınacaq və Füzuli rayonunun Əhmədbəyli kəndində köç karvanına qoşulacaq.

    Beləliklə, bugünkü köç də nəzərə alınmaqla Füzuli şəhərinə köçürülən ailələrin ümumi sayı 822-yə (3132 nəfər) çatacaq.