BLOQ

Geosiyasi və logistika baxımından yeni mərhələ

Türkiyə Orta Dəhliz dəmir yolu xətlərinin modernləşdirilməsinə start verir

Geosiyasi və logistika baxımından yeni mərhələ
  • Oxuma müddəti:

    3 dəqiqə

  • Türkiyə Asiya və Avropanı birləşdirən nəqliyyat şəbəkəsində strateji mövqeyini daha da gücləndirmək üçün iki böyük dəmir yolu layihəsinin Early Market Engagement (EME) mərhələsinə başlayıb. Şərqi Türkiyə Orta Dəhlizinin Dəmiryolunun İnkişafı Layihəsi (ETMIC) və İstanbul Şimal Dəmiryol Keçid Layihəsi (INRAIL) həm ölkədaxili nəqliyyat imkanlarını artırmağı, həm də Orta Dəhliz marşrutunun rəqabət qabiliyyətini yüksəltməyi hədəfləyir.

    Orta Dəhliz üçün strateji əhəmiyyət

    ETMIC layihəsi Divriği–Qars–Gürcüstan sərhədini əhatə edən 587 km-lik dəmir yolu infrastrukturunun bərpasını və 667 km-lik xəttin tam elektrikləşdirilməsini nəzərdə tutur. Layihə həmçinin körpü və tunellərin yenilənməsi, müasir siqnalizasiya, telekommunikasiya və dispetçer sistemlərinin qurulması kimi texnoloji modernləşmələri də əhatə edir.

    Bu xətt Gürcüstan vasitəsilə Xəzər və Mərkəzi Asiya bazarlarına çıxışı təmin edən Orta Dəhlizin əsas hissəsidir. Layihə başa çatdıqdan sonra Türkiyə–Gürcüstan dəhlizi üzərindən yük axınlarının artırılması, həm də Çindən Avropaya gedən marşrutlarda alternativlərin güclənməsi gözlənilir. Bu isə Rusiyadan keçən Şimal Dəhlizinə strateji rəqib mövqeyini gücləndirəcək.

    INRAIL – İstanbulda logistikanın yenidən qurulması

    İstanbul ətrafında 125 km-lik yeni dəmir yolu dolama xəttinin tikintisini nəzərdə tutan INRAIL layihəsi şəhərin logistika yükünü azaltmaqla yanaşı, Yavuz Sultan Səlim körpüsündəki mövcud relslərdən istifadə edərək Avropa və Asiya tərəflərini birləşdirən əsas yük və sərnişin dəhlizinə çevriləcək. Layihə ilə həm yük (80–120 km/saat), həm də sərnişin (160 km/saat) qatarlarının inteqrasiyası təmin ediləcək. Bu, İstanbul hava limanlarını milli yüksək sürətli dəmir yolu şəbəkəsinə birləşdirəcək və hava–dəmir yolu inteqrasiyasını gücləndirəcək.


    Beynəlxalq maliyyə və tərəfdaşlıq

    Hər iki layihə Dünya Bankı və digər beynəlxalq maliyyə institutlarının dəstəyi ilə həyata keçirilir. ETMIC-in dəyəri təxminən 1,6 milyard ABŞ dolları, INRAIL isə ƏDV və digər xərclərlə birlikdə 8,1 milyard ABŞ dollarıdır. Bu məbləğlər Türkiyənin nəqliyyat infrastrukturuna qoyduğu strateji investisiyanın miqyasını göstərir.

    Regional logistika balansında dəyişiklik

    Bu modernləşdirmələr təkcə Türkiyənin tranzit ölkə kimi rolunu gücləndirmir, həm də Orta Dəhlizin rəqabət qabiliyyətini artıraraq Çin–Avropa marşrutlarında daha qısa, təhlükəsiz və sanksiyalardan az təsirlənən alternativ yaradır. Azərbaycanın BTQ (Bakı–Tbilisi–Qars) xətti və Xəzər üzərindən yük daşımaları ilə inteqrasiya edildikdə bu layihələr Orta Dəhlizin bütöv bir sistem kimi işləməsinə təkan verəcək.