Allah tərəfindən gəldik, Allah tərəfə qayıdacayıq...
Allahın adı və yadı ilə.
Bu günlər Azərbaycanın tək dindar təbəqəsi deyil, bəlkə qeyri-müsəlmanı, hətta ateisti belə çox böyük itki ilə üzləşdi. Elə bir itki ki, o boşluğu uzun illər özündə hiss edəcək. Çünki xalqın yaşadığı bu mənəvi boşluğu o, öz şəxsiyyəti ilə uzun illər idi əxlaq və elmi ilə doldurmağa çalışırdı. O, buna, müəyyən qədər də olsun, nail olmuşdu. Buna görə də yaşından, dinindən və ictimai mövqeyindən asılı olmayaraq hamı onu sevir və dinləyirdi. Hacı Şahin Həsənli hələ cavan yaşlarında endirilən dinin uydurulan dinə çevrilməsinin qarşısını almaq və cavanlar arasında sağlam dini düşüncə formalaşdırmaq məqsədi ilə "Mənəvi Dünya" Milli Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyi təsis etdi və uzun illər onun sədri oldu.
Dəfnindəki izdiham onu sevən kütlənin yalnız 2%-ni təşkil edirdi. Bu da bir insanın nə qədər sevilməsindən xəbər verirdi.
Hacı Şahin Həsənlini hansısa dini mədrəsə, universitet və ya dərs aldığı hansısa ustad ruhanu yetişdirmədi. O, özü özünü yetişdirdi. Demək olar ki, bütün vaxtını əxlaqi dəyərlərin mənimsənməsinə qurban verdi, öyrəndi, öyrətdi və xütbələrini, məqalə və çıxışlarını da əsasən bu mövzu üzərində köklədi. Çünki uzun illər dinsizliyi yayan sovetlər birliyinin əsarətindən qurtulan xalqın qurumuş torpaq kimi ən çox ehtiyac duyduğu məhz əxlaq və mənəvi dəyərlər idi. Hacı Şahin bunu bacardı.
Onun əsas xüsusiyyətlərindən biri də ixtilaflı mövzulardan uzaq olması və ən əsası, tənqidə normal yanaşması idi. Uzun illər radio-televiziya kanallarında verdiyi yüzlərlə müsahibənin heç birində tamaşaçı və ya dinləyici onun əsəbləşdiyini, gərgin olduğunu nə gördü, nə də hiss etdi. Bu da onun möhkəm iradə və psixoloji durumunun nə qədər sarsılmaz olduğundan xəbər verirdi. Mən onun nə qədər təmkinli olduğunu vaxtı ilə bur yerdə ANS-in "Günəbaxan" verilişinə çıxarkən şahid oldum. Bəzi mövzularda fikir ayrılığımız olsa da, Karvanın "Xətib" rubrikasında cümə xütbəsini sevə-sevə dərc etdik və xeyli oxucu kütləsinin diqqətini çəkə bildik. O da, biz də tənqidi qarşı tərəfin aşağılanması kimi deyil, yaxşının daha yaxşı olması üçün təklif olunan yol kimi qəbul edirdik. Buna görə də uzun illər yollarımız ayrılmadı. Eyni məktəbin amalı uğrunda çalışdıq.
Onun belə yüksək insani xüsusiyyətləri bəzi ruhani və qeyri-ruhanilərdə qısqanclıq və paxıllıqdan irəli gələn xam fikirlərin səslənməsinə səbəb oldu və təbii ki, biz onları sosial şəbəkədə cavabsız qoymadıq, qoya da bilməzdik.
Hacı Şahin Həsənli xalqın sevgisini qazandığı qədər dövlətin də diqqət və etibarını qazanan ruhani idi. O, dövlətçiliyimizə sadiq mücahid idi. İkinci Qarabağ müharibəsindən sonra yüzlərlə şəhid və qazi ailələri ilə görüşlər keçirib onları ziyarət etməsi onun vətənpərvərliyinin hansı həddə olmasından xəbər verirdi. QMİ idarəsi tərəfindən etibar qazanması və 2007-ci ildən etibarən Qazilər Şurasının üzvü seçilməsi də bir daha onun kifayət qədər nüfuz və etibarından xəbər verirdi.
İmamlıq etdiyi Məşədi Dadaş məscidinin nəzdində yaradılmış eyniadlı dini icma Ramazan və Məhərrəm aylarında ölkədə misli görünməyən mərasimlər keçirmiş və yüzlərlə ailəyə maddi və mənəvi dəstək olmuşdu. Təbii ki, bu ənənə bundan belə də davam edəcək. Amma təəssüflər olsun ki , bundan belə Hacı Şahinsiz...
Mən onun dəfnindən sonra heç bir ruhani barədə eşitmədiyim bir sözü eşitdim. Bu sözlər bir ömür mənim yaddaşımdan silinməyəcək... İstər məscidə gələnlər, istərsə də onu sevənlər Hacını özlərinə "mənəvi ata" hesab etmiş və onun vəfatı ilə özlərini bir növ yetim hiss etməyə başlamışlar. Bu hadisələr mənə nədənsə İmam Əlinin şəhadətindən sonra Kufə yetimlərini xatırlatdı...
Allahdan Hacı Şahinə rəhmət, onu sevənlərə səbr diləyirəm....