BLOQ

Heydər Əliyev barəsində bilmədiyimiz maraqlı fakt

Sözsüz ki, Heydər Əliyevin bu şücaəti və peşəkarlığı unudulmur

Heydər Əliyev barəsində bilmədiyimiz maraqlı fakt
33 yaşlı Heydər Əliyev Xüsusi Təyinatlıların komandiri idi
  • Oxuma müddəti:

    4 dəqiqə

  • Macarıstan, Oktyabr, 1956-cı il. Tələbələrin təşəbbüsü ilə başlanan antisovet inqilabına artıq fəhlə və ziyalılar da qoşulur. Macarıstanın paytaxtı Budapeştin əsas meydanına artıq bir neçə gündür 200 min inqilabçıdan ibarət mitinq toplaşmışdı. 24 Oktyabr bir sıra antisovet və antikommunist çıxışlardan sonra kütlənin bir hissəsi dövlət radiosu binasından millətə müraciət etmək üçün hərəkət etdilər, digəri isə SSRİ-nin şəhərdə yerləşən səfirliyinə hücum etdi. Artıq odlu silah və "Molotov kokteylləri" ilə silahlanmış inqilabçılar radio binasını ələ keçirir və döyüşlər zamanı bir neçə ağır texnikanı da zəbt etməyə müvəffəq olurlar.

    SSRİ səfirliyinə hücum edənlər hasar və bir sıra obyektləri yandıraraq yaşayış binasını ələ ala bilirlər və Moskvanın Macarıstandakı səfiri, Yuri Andropovun oğlu, 14 yaşlı İqoru oğurlayırlar. Vəziyyət ciddiləşir. İngilabçılar tələb edirlər ki, Sovet ordu hissələri dərhal şəhəri azad etsinlər, əks halda onlar SSRİ səfiri Yuri Andropovun oğlunu edam edəcəklər.

    Moskvada Budapeştdəki vəziyyəti müzakirə etmək üçün Siyasi Büronun fövqəladə toplantısı yığışır. Yenicə Macarıstandan qayıdan Siyasi Büronun üzvü Mixail Suslov və SSRİ Baş nazirinin birinci müavini Anastas Mikoyanın hesabatını dinləyən SSRİ Kommunist Partiyasının Baş katibi Nikita Xruşşov Budapeştdən 6 minlik Sovet qoşun kontingentinin müvəqqəti çıxarılmasına əmr verir. Lakin inqilabçılar bununla kifayətlənmirlər – qələbələri ilə ruhlanmış üsyançılar bir sıra dövlət təşkilatlarını ələ keçirir, Stalin və digər SSRİ-nin simvolu olan heykəl, monument və hətta bayraqlarında olan çəkic və oraq hissələrini cıraraq ölkədə sosialist rejiminin ləğvini və Macarıstanın ümumiyyətlə Varşava müqaviləsindən çıxmasını tələb edirlər. Eyni zamanda Yuri Andropovun oğurlanan oğlunu qaytarmır və onun barədə heç bir məlumat vermirlər, əksinə, onun üzərində spekulyasiyaları davam etdirərək İqoru öldürməklə hədələyirlər.

    Bu vəziyyətdən çıxış yolu tapmaq üçün Macarıstana az saylı xüsusi təyinatlılar dəstəsi göndərilir. Bu dəstə yüksək peşəkarlıqla hərəkət edərək 8 saata tanımadığı məkanda nəinki Yuri Andropovun oğlu İqorun yerini müəyyən edir, hətta baxmayaraq ki, uşaq ciddi nəzarət və silahlıların mühafizəsi altında yerləşirdi, onu heç bir kəsə xəsarət yetirmədən ələ keçirib birbaşa ölkədən çıxarmağa müvəffəq olurlar. Maraqlı fakt həm də budur ki, bu xüsusi təyinatlıların komandiri 33 yaşlı Heydər Əlirza oğlu Əliyev idi.

    Bir neçə gündən sonra Nikita Xruşşovun növbəti sərəncamı əsasında Budapeştə Rumıniyada məskunlaşan 60 minlik Sovet ordusu daxil olur və cəmi 3 min inqilabçının ciddi müqaviməti ilə rastlaşmasına baxmayaraq bir neçə günə Macarıstanda Yanoş Kadorun başçılığı ilə sosialist hakimiyyətini bərpa edir.

    Sözsüz ki, Heydər Əliyevin bu şücaəti və peşəkarlığı unudulmur. Son günlərinədək Yuri Andropov ona dərin minnətdarlıq hissi ilə, habelə Heydər Əliyevin fövqəladə savad və mərdlik xüsusiyyətlərini nəzərə alaraq ona dəstək olur. Belə ki, 18 may 1967-ci ildə Andropov SSRİ "KQB"nin rəhbəri vəzifəsinə təyin olunandan iki ay sonra Heydər Əliyev Azərbaycan "KQB"sinin sədri təyin olunur, bundan sonra 1969-cu ildə respublikanın Birinci katibi seçilir. 1982-ci ildə Yuri Andropov SSRİ Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi seçiləndən sonra həmin il Heydər Əliyev Mərkəzi Siyasi Büronun üzvü və SSRİ Nazirlər Sovetinin sədrinin birinci müavini vəzifəsinə təyin olunur.

    Bu gün Ulu Öndərimiz Heydər Əliyevin vəfat günüdür, Allah ona rəhmət eləsin. Eyni zamanda, bu ay onun sadiq silahdaşı və onunla 1969-cu ildən 14 il çalışan əmim Arif Mustafayev də rəhmətə gedib, Allah ona da rəhmət eləsin!

    Yeriniz behiştlik olsun, kişilər!

    Sağdan sola: Heydər Əliyev, İlham Əliyev, Arif Mustafayev