"Hizbullah" Livanı vətəndaş müharibəsi ilə hədələyib
Bu barədə “Reuters“ məlumat yayıb
"Hizbullah"ın yüksək vəzifəli nümayəndəsi Livan hökumətini xəbərdar edib ki, ölkə üzrə təşkilatın tərksilah istiqamətində addımları xaos və hətta vətəndaş müharibəsinə səbəb ola bilər.
Bu barədə “Reuters“ məlumat yayıb.
Məlumata görə, Livan 2024-cü ildə "Hizbullah"la İsrail arasında başa çatan dağıdıcı müharibədən sonra ölkədə bütün silahları dövlət nəzarətinə almağı öhdəsinə götürüb. Lakin "Hizbullah" bildirir ki, razılaşma yalnız İsraillə sərhəd olan Livanın cənub bölgəsinə aiddir və digər ərazilərdə silah arsenalını verməkdən imtina edir.
"Hizbullah"ın yüksək səviyyəli siyasi nümayəndəsi Mahmud Qmati Rusiyanın dövlət mediası "RT"-yə deyib ki, silahlar üzərində dövlət monopoliyasının şimal bölgələrinə qədər genişləndirilməsi “dövlət tərəfindən edilən ən böyük cinayət” olardı: “Livan hökuməti və dövlət institutlarının seçdiyi yol ölkəni qeyri-sabitliyə, xaosa və bəlkə də vətəndaş müharibəsinə aparacaq”.
O, həmçinin, qeyd edib ki, "Hizbullah" Livan ordusu ilə qarşıdurmaya getməyəcək.
Qeyd edək ki, Livan ordusu ötən həftə Litani çayı ilə İsrail sərhədi arasındakı ərazidə əməliyyat nəzarətini ələ aldığını açıqlayıb. Hökumət isə ordudan tərksilah prosesini ölkənin digər ərazilərində də aparmasını istəyir.
1 dəqiqə