İdmançılarımızı İrəvanda girov götürüblər?
Ermənistan tərəfi ağır atletlərimizin oteldən çıxmağına və telefonla danışmağa icazə vermir
İrəvanda dünənki bayraq yandırma hadisəsindən sonra Azərbaycan ağır atletika komandası bu günlərdə Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatında iştirak etməmək qərarına gəlib.
Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev ANS Press-ə bildirib ki, komandamız üçün İrəvan-Antalya reysinə biletlər bron edilib. "Saat 02.55-də komandamızın üzvləri Antalyaya, oradan da Bakıya uçmalı idilər.
Qabil Mehdiyev
Lakin ermənilər “təhlükəsizlik” bəhanəsi ilə komandamızı oteldən buraxmayıblar.
Bütün bunlar Paşinyanın şəxsən açdığı, Dünya və Avropa Ağır Atletika Federasiyalarının prezidentləri Məhəmməd Caloud və Antonio Konflittinin də iştirak etdiyi tədbirdə Azərbaycan bayrağının yandırılmasından sonra baş verir".
Qabil Mehdiyev bildirib ki, milli komandamız hələ də İrəvanda oteldədir. "Onların telefonları offlinedır. Heç nazirliyi nümayndəsi ilə də əlaqə saxlaya bilmirik. Bu da erməni tərəfinin bizə qarşı təxribatıdır".
Xatırladaq ki, bu gün Ermənistanın paytaxtı İrəvanda ağırlıqqaldırma üzrə Avropa çempionatı start götürür.
İlk olaraq Nazilə İsmayılova 49 kq çəki dərəcəsində mübarizə aparacaqdı.
Azərbaycan millisinin heyətində kişilərin yarışında İsa Rüstəmov (67 kq) aprelin 17-də, Ömər Cavadov (73 kq) 18-də, Əli Şükürlü (102 kq) isə 22-də yarışmalı idi.
Lakin dünən açılış mərasimində ölkəmizə qarşı təxribat baş verib. İrəvanda keçirilən çempionatın açılış mərasimində Azərbaycanın dövlət bayrağı yandırılıb.
Bayraqların paradında Azərbaycan bayrağı zala gətirildikdən sonra azarkeşlərdən biri səhnəyə çıxaraq qızın əlindən milli simvolumuzu götürərək yandırıb. Azərbaycan komandası isə yarışdan imtina edib və Bakıya qayıtmalıdır.