İdmançılarımızın Paris Olimpiadasına yolasalma mərasimi
TədbirnMilli Gimnastika Arenasında təşkil olunub
"Paris-2024" Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan Olimpiya komandasının yolasalma mərasimi keçirilib.
Milli Gimnastika Arenasında təşkil olunan tədbir Dövlət Himnimizin səsləndirilməsi ilə başlayıb.
Tədbir iştirakçılarını salamlayan gənclər və idman naziri Fərid Qayıbov idmançıların ilk dəfə Olimpiadaya suveren, ərazi bütövlüyü bərpa olunmuş ölkənin təmsilçiləri kimi yollanacağını bildirib. O, Olimpiya Oyunlarında iştirak edəcək idmançıların hamısından uğur gözlədiyini vurğulayıb.
Daha sonra şəhidlərin və vəfat edən idman adamlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Azərbaycan təmsilçilərinin Olimpiya Oyunları üçün xüsusi dizaynla hazırlanmış vahid idman forması təqdim olunduqdan sonra tədbir bədii hissə ilə davam edib.
Qeyd edək ki, "Paris-2024" Yay Olimpiya Oyunlarında Azərbaycan 48 idmançı ilə təmsil olunacaq. Oyunların açılışı iyulun 26-da, bağlanışı isə avqustun 11-də olacaq.