BLOQ

İki Koreya, iki Azərbaycan paraleli

Şimali Koreya iqtisadi inkişaf naziri Yun Con Ho səssiz-küysüz İrana ziyarətə gəlib

İki Koreya, iki Azərbaycan paraleli
  • Oxuma müddəti:

    5 dəqiqə

  • Güney Koreya kəşfiyyatının sensasion “İran İsrailə raket zərbələrini öz silahı ilə, öz raketləri ilə reallaşdırmayıb. Şimali Koreya raketləri vurub İsraili” xəbəri dünya mətbuatında az hallandı. Xəbəri, necə deyərlər, “xalça altına süpürdülər”. Çünkü...

    Çünkü belə halda münaqişənin əhatə dairəsi lokal, regional yox, daha geniş miqyas alırdı - DÜNYA MÜHARİBƏSİnin gizli anonsunu sərgiləyirdi. Ernest Hemenqueyin dediyi “Əcəl cəngi”ni qulaqlarımızda səsləndirirdi.  

    Zərbələrdən az sonra daha bir xəbər diqqətəlayiqdir. Ümumi süjetdədir. Sübut edir ki, Şimali Koreya mövzudan həqiqətən kənarda deyil. 

    Qısası, bu dəfə Uzaq Şərqlə Yaxın Şərq bir nöqtədə - regionumuzda birləşdi.
     
    Xəbər belədir - Şimali Koreya iqtisadi inkişaf naziri Yun Con Ho səssiz-küysüz İrana ziyarətə gəlib. Səfər barədə əlavə heç bir məlumat tirajlanmayıb. Şərhlər verilməyib.

    Artıq çoxlarına bu sirr deyil - İran "Sepah"ının raket proqramı hələ uzaq 80-ci illərdə, İran-İraq müharibəsi dövründə Şimal Koreya mütəxəssisləri tərəfindən yaradılıb. Proqramda topçu ənənələri güclü olan Təbrizin də iştirakı var. Təbrizli sepahçı, şəhid Hüseyn Şəfizadə də həmin bax bu xətlə dəfələrlə Şimali Koreyaya səfər edib. Ölkə rəhbərləri ilə birgə foto da çəkdirib hətta. Həmin nadir fotonu da mövzunun gözünə qatırıq ki, iddialarımızın reallığını bir azacıq da artırsın. İnandırıcı görünsün. Vizualaşsın.

    İranla Şimali Koreyanın hərbi əməkdaşlığı artıq çoxlarına sirr deyil. Hər iki ölkə əslində eyni gizli raket proqramını bölüşürlər. 

    Koreyanın çoxçeşidli “Xvason” ( 5-6 növü var), “Nodon”, “Musudan”, “Tepxodon” raketləri uzaq hədəflidir. Atom başlıqlı raket daşıyıcısına çevrilmələri də mümkündür. 

    Deyilənlərə, yazılanlara görə, İranın “Şəhab-5”, “Şəhab-6” raketləri “Tepxodon” dan heç nə ilə fərqlənmir.

    Beləliklə, dünya geopolitikasında uzaq məsafələr qısalır. Koreya ilə İran eyni təhlükəni həm uzaq Şərqdə sərgiləyir, həm də Yaxın Şərqdə. Tərəzi yaxşı qurulub.

    Xatırladıram: Güney Azərbaycan ilə Koreya məsələsi BMT-nin ilk iclaslarında, 1946-cı ildə müzakirəyə çıxarılıb. İkiyə bölünmüş Aəzrbaycanla ikiyə parçalanmış Koreya modeli arasında danılmaz siyasi konfiqurasiyalar mövcuddur. Hər iki mövzu bir-birini hələ uzaq 1946-cı ildən təqib edir.

    Bu geopolitik tərəzidir.

    Tayvan mövzusu bu süjetə qoşulsa, həəə... dünyada həqiqətən böyük silkələnmələr baş tuta bilər.

    Tayvan təhlükəsi mövzusunda alarm siqnalı yanıb-sönərsə, Koreya böhranında təyyarələr səmaya qalxarsa, "Azərbaycan" kod şifrəsi həmin geopolitik tərəzinin, həmin geopolitik mənzərənin əsas tənzimləndirici çəki daşı sayılacaq.

    İkiyə bölünmüş Azərbaycanın geopolitik oxşarı elə lap əvvəldən bizim yaxın ətrafda yox... yenə də Uzaq Şərq ucqarlarında idi.

    Təbriz mövzusu, Azərbaycan ağrısı ilk dəfə 1940-cı illərdə Koreya faciəsi ilə birgə BMT qərarlarında hallandırılıb. Yəni, ikiyə bölünmüş Azərbaycan, ikiyə bölünmüş Koreya faciəsi ekiz geopolitik qardaşlardır. Oxşardırlar. Göbəklərini eyni qüvvələr kəsib.
    Şimali Koreya məmurlarının İrana gəlişi bu köhnə ssenarini, bu geopolitik tərəzini yenidən dirildə bilər.

    Dünya siyasi bazarına bu tərəzinin girişi əslində çoxdan labüddür.

    Sabiq ABŞ prezidenti Donald Tramp İran-Şimali Koreya raket dosyesini heç vax bir-birindən ayırmırdı. Bu mövzuda söhbətini Şimali Koreya rəhbəri Kim Çün Inla aparırdı. Nətəicədə İrana ikinci rol verirdi bu dramatik qarşıdurmada. Yəni, Tram əslində “Qızım sənə deyirəm, gəlinim sən eşit” fəlsəfəsi ilə çıxış edirdi bu danışıqlarda. Və bu gizli "gəlin" əslində İran idi.

    Trampın Şimali Koreya təcrübəsi indi yenidən diplomatik masalara qayıda bilər.

    Bakıda noyabrda keçiriləcək “COP-29” konfransı ABŞ prezident seçkilərindən dərhal sonra baş tutacaq. Konfrans ABŞ seçkilərindən sonra yaranmış reallıqları danışıqlar masasına çıxara biləcək ilk beynəlxalq tədbirdir.

    Zelenski, Bayden... İran və Koreya raketləri...

    Postseçki reallııqları məhz Bakıda müzakirəyə çıxarılacaq. Zelenski də məclisə dəvətlidir.

    Biz Şimali Koreya və “əl Qüds” dalğıclarının Ənzəlidə, Xəzər sahillərindəki birgə təlimlərindən də xəbərdarıq. Dalğıcları qoynunda gizləyən SDV kapsulları buradan Xəzərə buraxılır. Yəni, Şimali Koreyaya bizim də iradlarımız az deyil.

    P.S. Bizim üçün ən vacibi “İki Koreya, iki Azərbaycan” tərəzisini, qoşasını gec-tez dünya diplomatiyasının diqqətinə çatdırmaqdır.

    Prezident İlham Əliyevin güneyli alim Şapur Ənsariyə diqqətini, ADA diplomatik meydançasında Güneyi bu cür işarələməsi... həə... məncə, uzaqhədəfli mesajlardır.