İlham Əliyev Dağıstandakı terrorla bağlı başsağlığı verib
Başsağlığı Rusiya Prezidenti və Dağıstan Respublikasının rəhbərinə ünvanlanıb
Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Hörmətli Vladimir Vladimiroviç.
Dağıstanda törədilmiş terror aktları nəticəsində dinc vətəndaşların və hüquq-mühafizə orqanlarının əməkdaşlarının həlak olması xəbəri məni dərindən sarsıtdı.
Bu qanlı cinayətləri qətiyyətlə pisləyir, terrorizmin bütün forma və təzahürləri ilə mübarizəni dəstəkləyirik.
Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, bütün zərərçəkənlərin tezliklə şəfa tapmasını arzulayıram".
"Hörmətli Sergey Alimoviç.
Dərbənddə və Mahaçqalada törədilmiş və çoxsaylı insan tələfatı ilə nəticələnən terror aktları barədə xəbəri dərin kədər hissi ilə qarşıladım.
Bu ağır itkinin kədərini bölüşərək, Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Dağıstan xalqına dərin hüznlə başsağlığı verirəm. Bütün yaralıların tezliklə şəfa tapmasını arzulayıram".