İranda ərini qətlə yetirməkdə təqsirli bilinərək edam cəzasına məhkum edilən və on il həbsxanada qalan 29 yaşlı Samirə Sabzian dekabrın 20-də dar ağacından asılıb.
BBC teleradio kompaniyası xəbər verir ki, hökm Tehran yaxınlığındakı Kərəc şəhərində yerləşən “Gezel Hesar” həbsxanasında icra olunub.
“Uşaq gəlin” kimi tanınan Samirə 15 yaşında ərə verilib və yaxınlarının dediyinə görə, sistematik olaraq məişət zorakılığına məruz qalıb. Ərini öldürdüyünə görə 19 yaşında həbs edilib. Məhkəmə ona ölüm hökmü çıxarıb, lakin hökmün icrası bir sıra bürokratik səbəblərə görə gecikib.
“Amnesty International” hüquq-müdafiə təşkilatı və bəzi ölkələrin hökumətləri gənc qadının həyatını xilas etmək üçün illərdir mübarizə aparırdılar.
Hüquq müdafiəçilərinin məlumatına görə, son vaxtlar İranda edamların sayı xeyli artıb və təkcə bu ilin noyabrında 115 nəfərin ölüm cəzası icra edilib. Samirə Sabzian 2023-cü ildə edam olunan 18-ci qadındır. 2010-2021-ci illər arasında edam edilən qadınların sayı 164 nəfərə çatıb. Onların 66 faizi ərlərini qətlə yetirməkdə günahlandırılıb.