İlham Əliyev Misir səfirinin etimadnaməsini qəbul edib
Söhbət zamanı mədəni və humanitar sahələrdə əməkdaşlığımızın perspektivləri müzakirə olunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Misir Ərəb Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Houssam-Eldine Redanın etimadnaməsini qəbul edib.
Səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib.
Prezident İlham Əliyev, ilk növbədə, Şarm-əl-Şeyxdə Yaxın Şərq Sülh Sammitinin yüksək səviyyədə təşkilinə görə Misir Ərəb Respublikasına təbriklərini çatdırıb. ABŞ Prezidenti Donald Tramp və Misir Prezidenti Əbdülfəttah əs-Sisi tərəfindən Azərbaycanın bu tədbirə dəvətini yüksək qiymətləndirən dövlətimizin başçısı bunu ölkələrimiz arasında mövcud olan etimadın və dostluğun nümunəsi kimi dəyərləndirib.
Əbdülfəttah əs-Sisinin Azərbaycana səfərini, özünün isə Misirə rəsmi səfərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev bu səfərlər çərçivəsində müzakirə olunmuş mövzuların həyata keçirilməsi ilə bağlı məsələlərə toxunub.
Səfir Misir Prezidenti Əbdülfəttah əs-Sisinin salamlarını dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Əbdülfəttah əs-Sisiyə çatdırmağı xahiş edib.
Görüşdə Hökumətlərarası Komissiyanın əhəmiyyətinə toxunulub, yaxın vaxtlarda onun növbəti iclasının keçiriləcəyi qeyd olunub. Bakı ilə Şarm-əl-Şeyx və Qahirə şəhərləri arasında birbaşa uçuşların olduğu və bunun turizm sahəsində əməkdaşlığa ciddi təkan verdiyi vurğulanıb.
Söhbət zamanı mədəni və humanitar sahələrdə əməkdaşlığımızın perspektivləri müzakirə olunub.