İlham Əliyev yeni səfirlərin etimadnamələrini qəbul etdi
Bu barədə Prezidentin Mətbuat Xidməti xəbər verib
11:19
Avqustun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Koreya Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sin Xon Çxolun etimadnaməsini qəbul edib. Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra dövlətimizin başçısı səfirlə söhbət edib.
Qəbula görə dövlətimizin başçısına təşəkkürünü bildirən səfir Koreya Xalq Demokratik Respublikası Dövlət Şurasının Sədri Kim Çen Inın salamlarını Prezident İlham Əliyevə çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarının Koreya Xalq Demokratik Respublikası Dövlət Şurasının Sədrinə çatdırmağı xahiş edib.
Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi münasibətilə təbriklərini çatdıran səfir xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1985-ci ildə Koreya Xalq Demokratik Respublikasına səfərinin məmnuniyyətlə xatırlandığını bildirib. O, Azərbaycanın və Koreya Xalq Demokratik Respublikasının beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığının vacibliyini vurğulayıb, iki ölkənin parlamentləri, eləcə də Yeni Azərbaycan Partiyası ilə Koreya Xalq Demokratik Respublikasının Əmək Partiyası arasında əməkdaşlığın inkişaf etdirilməsinin önəmini qeyd edib. Sin Xon Çxol Azərbaycanın neft-qaz sahəsində zəngin təcrübəsini nəzərə alaraq, Koreya Xalq Demokratik Respublikasından olan tələbələrin Azərbaycanda bu sahədə təhsil almasının vacibliyini diqqətə çatdırıb.
Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin qarşılıqlı maraq doğuran sahələrdə gələcəkdə də inkişaf edəcəyinə əminliyini bildirib. Ulu Öndər Heydər Əliyevin 1985-ci ildə Koreya Xalq Demokratik Respublikasına səfərini xatırladan Prezident İlham Əliyev bu səfərin sonrakı illərdə - Ümummilli Liderin müstəqil Azərbaycana rəhbərliyi dövründə Koreya Xalq Demokratik Respublikası ilə əlaqələrin inkişafına təkan verdiyini qeyd edib.
Prezident İlham Əliyev Qoşulmama Hərəkatının 2019-cu ildə Azərbaycanda keçirilən Zirvə görüşü çərçivəsində Koreya Xalq Demokratik Respublikasının yüksək səviyyəli nümayəndə heyəti ilə görüşünü məmnunluqla xatırlayıb, Qoşulmama Hərəkatı, BMT və digər beynəlxalq təşkilatçılar çərçivəsində ölkələrimiz arasında əlaqələri diqqətə çatdırıb.
Dövlətimizin başçısı parlamentlər, hakim partiyalar arasında münasibətlərin və mədəni əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb.
***
11:15
Avqustun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İlxom Abduraxmonun etimadnaməsini qəbul edib. Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra səfirlə söhbət edən dövlətimizin başçısı Azərbaycan ilə Tacikistan arasında münasibətlərin qardaşlıq və dostluq xarakteri daşıdığını vurğulayıb, hökumət üzvləri, parlamentlər, ictimai təşkilatlar xətti ilə daim təmasların və qarşılıqlı səfərlərin həyata keçirildiyini deyib.
Prezident İlham Əliyev Tacikistana dövlət səfərini məmnunluqla xatırlayıb, səfər çərçivəsində aparılmış müzakirələr zamanı müəyyənləşdirilmiş hədəflərə nail olunması istiqamətində ardıcıl fəaliyyətin həyata keçirildiyini bildirib. Dövlətimizin başçısı Tacikistana səfəri zamanı bu ölkənin və Düşənbənin inkişafının şahidi olduğunu vurğulayıb.
Azərbaycan Prezidenti iqtisadiyyat, ticarət, nəqliyyat, logistika və digər sahələrdə ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi üçün bir çox təşəbbüslərin olduğunu diqqətə çatdırıb, ölkələrimiz arasında tərəfdaşlıq əlaqələrinin möhkəmləndiyini qeyd edib.
Prezident İlham Əliyev Azərbaycanın və Tacikistanın regionları arasında əməkdaşlığın və şəhərlərarası birbaşa əlaqələrin yaradılmasının vacibliyini bildirib.
Səfir, ilk növbədə, Tacikistan Prezidenti Emoməli Rəhmonun salamlarını dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Tacikistan Prezidentinə çatdırmağı xahiş edib və Prezident Emoməli Rəhmonu Azərbaycana dövlət səfərinə dəvət edib.
Səfir İlxom Abduraxmon dövlətimizin başçısının Tacikistana səfəri zamanı ikitərəfli əlaqələrin inkişafı baxımından çox vacib və səmərəli müzakirələrin aparıldığını vurğulayıb, müxtəlif səviyyələrdə, o cümlədən parlament sədrlərinin səfərlərinin önəmini qeyd edib, hökumətlərarası komissiyanın bu yaxınlarda iclasının keçirildiyini xatırlayıb, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq etdiyini vurğulayıb.
İlxom Abduraxmon Bakı ilə Düşənbə arasında birbaşa aviareyslərin açılmasının turizm sahəsində əməkdaşlığımızın inkişafına ciddi təkan verəcəyini qeyd edib. O, Azərbaycanın sürətli inkişafının, Bakının gözəlliyinin və şəhərin memarlıq üslubunun onda dərin təəssürat hissi yaratdığını deyib.
***
Avqustun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kolumbiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Luis Fernando Kuartas Ayalanın etimadnaməsini qəbul edib.
Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra dövlətimizin başçısı səfirlə söhbət edib.
Səfir Azərbaycan ilə Kolumbiya arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu qeyd edib, ölkələrimizin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin uğurla inkişaf etdiyini bildirib. Minatəmizləmə sahəsində kolumbiyalı mütəxəssislərin Azərbaycanda fəaliyyət göstərdiyi qeyd olunub. Luis Fernando Kuartas Ayala ölkələrimiz arasında turizm sahəsində əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.
Səfir ölkəmizdə akkreditə edilmiş diplomatik korpusun nümayəndələrinin Ağdama səfərində iştirak etdiyini, həmin ərazilərdə aparılan bərpa-quruculuq işləri ilə yerində tanış olduğunu bildirib.
Dövlətimizin başçısı Azərbaycan ilə Kolumbiya arasında siyasi əlaqələrin məmnunluq doğurduğunu vurğulayıb, ölkələrimizin BMT, Qoşulmama Hərəkatı çərçivəsində səmərəli əməkdaşlıq etdiyini və daim bir-birini dəstəklədiyini deyib.
Prezident İlham Əliyev iqtisadi-ticari əlaqələrin genişləndirilməsi üçün böyük imkanların olduğunu vurğulayıb, mədəniyyət sahəsində əlaqələrin genişləndirilməsinin vacibliyini bildirib.