İlham Əliyevin Şolts və Paşinyanla görüşü olub FOTO
Azərbaycan və Ermənistan liderləri təkbətək də görüşüblər

Fevralın 17-də Münxendə Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kansler Olaf Şolts ilə görüşü olub.
Almaniya tərəfi Ermənistanla Azərbaycan arasında sülh gündəliyinə öz dəstəyini göstərməyə və xoşməramlı əsasda Almaniyada bu istiqamətdə müvafiq görüşlərin keçirilməsinə dəstək verməyə hazır olduğunu bildirib. Olaf Şolts qeyd edib ki, COP29 əsnasında Ermənistanla Azərbaycan arasında əldə olunan kompromislər, COP29-un Azərbaycanda keçirilməsi sülh gündəliyinin də irəli aparılması üçün əlverişli imkanlar və şərait yaradır.
Sonra Almaniya Kanslerinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kansler Olaf Şolts və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşü olub.
Görüşdə Almaniya Kansleri açılış nitqi ilə çıxış edib. O, Almaniyanın Ermənistanla Azərbaycan arasında sülh gündəliyini, eyni zamanda, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tərəfindən aparılan missiyanı dəstəklədiyini vurğulayıb.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə ikitərəfli görüşü olub.
Görüşdə iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqlar, münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası məsələləri müzakirə olunub. Xarici İşlər nazirliklərinə tezliklə sülh müqaviləsi ilə bağlı görüş və sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının keçirilməsi barədə təlimat verilib.
İki ölkə arasında COP29 əsnasında olan qarşılıqlı kompromislər və əldə edilmiş irəliləyiş müsbət qiymətləndirilib.