İlham və Mehriban Əliyevlər Zəngilanda YENİLƏNİB FOTO
Bu barədə Prezidentin Mətbuat Xidməti xəbər verib
15:36
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməlini qoyub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görüləcək işlər barədə məlumat verib.
Bildirilib ki, layihə üzrə şəhərdaxili yolların ümumi uzunluğu 31 kilometrdir. Layihənin birinci mərhələsində ümumilikdə 17,14 kilometr uzunluğunda yollar salınacaq. İki və dörd hərəkət zolaqlı bu yolların eni 18-34 metr olacaq. Yolboyu velosiped və piyada zolaqları yaradılacaq, yaşıllıqlar salınacaq.
Dövlətimizin başçısına Horadiz–Zəngilan avtomobil yolunda görülən əsaslı təmir işləri barədə də məlumat verilib.
Qeyd edək ki, Horadiz–Zəngilan avtomobil yolu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biridir. Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan ilə dövlət sərhədi avtomobil yolunun Horadiz-Zəngilan hissəsi ötən əsrin 80-ci illərində inşa edilib və otuzillik işğal dövründə tamamilə sıradan çıxarılaraq yararsız vəziyyətə salınıb.
Uzunluğu 61 kilometr olan Horadiz–Zəngilan avtomobil yolunun əsaslı təmiri dövlətimizin başçısının müvafiq Sərəncamına əsasən həyata keçirilib. Təmir-tikinti işləri Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan ilə dövlət sərhədi avtomobil yolunun Horadiz-Zəngilan hissəsində aparılıb. Üçüncü texniki dərəcəyə uyğun olaraq əsaslı şəkildə yenidən qurulan yolun torpaq yatağının eni 12 metrdir. Yolboyu mövcud asfalt-beton örtüyü qazılaraq kənarlaşdırılıb, yol yatağının və yol əsasının tikintisi, müxtəlif ölçülü suötürücü boruların inşası, körpülərin təmiri, həmçinin kommunikasiya xətlərinin köçürülməsi işləri görülüb. Tikinti işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda işçi qüvvəsi və texnika cəlb olunub.
***
15:32
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 18-də Zəngilan məscidinin açılışında iştirak ediblər.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verib.
Qeyd edək ki, Zəngilanda yeni məscidin təməli şəhər işğaldan azad edildikdən sonra - 2021-ci il aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qoyulub. Məscidin tikintisini Heydər Əliyev Fondu “PAŞA Holdinq” MMC-nin dəstəyi ilə həyata keçirib.
Ermənistan 30 illik işğal dövründə əzəli Azərbaycan torpaqlarında olan bütün dini abidələrimizə qarşı vəhşiliklər törədib. Ermənilər şəhər və rayonlarımızda yaşayış və inzibati binaları, bütün infrastrukturu dağıdıb, təbii sərvətlərimizi talan edib, bu ərazilərdəki dini, tarixi, mədəniyyət abidələrimizi vandalizm aktlarına məruz qoyub. O cümlədən Zəngilan rayonundakı tarixi, dini, mədəniyyət abidələrimiz erməni təcavüzünün qurbanları sırasındadır. Burada da müqəddəs ocaqlarımız ermənilər tərəfindən dağıdılıb, təhqir edilib. İşğal dövründə Zəngilan şəhərindəki tarixi məsciddən tövlə kimi istifadə olunub. XIX əsrdə inşa edilmiş və memarlıq abidəsi kimi inventarlaşdırılan məscid dağıdılıb, ilkin görkəmini 70 faizə qədər itirib.
İşğal altında olan ərazilərimiz azad edildikdən sonra Qarabağdakı tarixi, dini və mədəniyyət abidələrinin bərpası layihələri çərçivəsində Zəngilan məscidində bərpa-tikinti işlərinə başlanılmışdı. Yerli və xarici ekspertlərdən ibarət işçi qrup məscidin mövcud binasında qiymətləndirmə aparıb və buna əsasən binanın konservasiyasına qərar verilib.
Konservasiya olunan tarixi məscidin yanında yeni məscid inşa edilib. Yeni məscid binası düzbucaqlı plan quruluşlu, iki minarəli, üç nefli layihələndirilib. Məscid binasında 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Məscidin minarələri və günbəzi kaşı və kərpicdən yığılıb. İnteryerdə nəqqaşlıq işləri aparılıb, mehrab kaşıdan yığılmış nəbati naxışlarla işlənib. Minbər və şəbəkə elementləri təbii ağacdan hazırlanıb.
İşğal dövründə dağıdılmış tarixi Zəngilan şəhər məscidinin ərazisində isə açıq səma altında sərgi yaradılıb. Sərgi Qarabağ və Şərqi Zəngəzur ərazilərində mövcud olmuş bir sıra dini abidələrimizə qarşı törədilmiş vandalizmin ümumi mənzərəsini əks etdirir. Burada işğalın ən ağır fəsadlarından biri kimi bəşəri əhəmiyyətə malik mədəni irsimizin, o cümlədən İslam dininə aid abidələrin qəsdən dağıdılması və məhv edilməsinə dair faktlar yer alıb. Eyni zamanda, bu ərazilərdə yüzlərlə müsəlman qəbiristanlığının məhv edildiyi, müsəlman dini ibadət yerlərinin, məscid və türbələrimizin təyinatının dəyişdirilərək saxtalaşdırıldığı, bir çox hallarda isə tövlə kimi istifadə olunaraq orada dinimizdə haram sayılan heyvanların saxlanıldığı aşkar edilib.
***
14:28
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 18-də Zəngilan rayonunun Ağalı kəndində “Ağalı” hotelinin açılışında iştirak ediblər.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev hoteldə yaradılan şərait barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verib.
Bildirilib ki, “Ağalı” hoteli Zəngilan şəhər mərkəzindən 20 kilometr məsafədə, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində yerləşir. Hotelin binası üç mərtəbədən ibarətdir. Birinci mərtəbədə qonaqları foye və rahat gözləmə zonası qarşılayır. Foyenin sağ və sol hissələrində restoranlar fəaliyyət göstərəcək. Birinci mərtəbənin sağ qanadında 60 nəfərlik tədbir otağı, həmçinin işgüzar görüşlər üçün 20 nəfərlik iclas zalı mövcuddur. Sol qanadda isə xüsusi qonaqların qarşılanması üçün tədbir zalı və 76 nəfərlik restoran var.
Hotelin ikinci və üçüncü mərtəbələri eyni tipli otaqlardan ibarətdir. Hər mərtəbədə 39 otaq var. Həmçinin hotelin hər mərtəbəsində fiziki məhdudiyyətli qonaqlar üçün xüsusi dizayn edilmiş otaqlar da mövcuddur. “Ağalı” hotelinin zirzəmi hissəsində qonaqların sağlamlıq və istirahətini təmin etmək məqsədilə fitnes mərkəzi yaradılıb.
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərimiz tarixi-mədəni dəyərləri ilə yanaşı, füsunkar təbiətə, yeraltı və yerüstü sərvətlərə, geniş turizm imkanlarına malikdir. Bölgədə müalicəvi turizm, istirahət turizmi, ekoturizm və turizmin digər növlərinin inkişaf etdirilməsi üçün böyük imkanlar var. Bu ərazilərin turizm potensialının səmərəli istifadəsi, regionun rəqabət qabiliyyətli turizm məkanına çevrilməsi üçün geniş tədbirlər həyata keçirilir. Bu baxımdan Füzuli və Zəngilanda tikilən, Laçında tikintisi davam edən beynəlxalq hava limanları azad edilən ərazilərimizin turizm potensialının reallaşmasında, turistlərin cəlb olunmasında mühüm rol oynayacaq.