MÜSAHİBƏ

İlin sonunadək Xankəndi və Şuşada poçt xidmətləri olacaq

“Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən İsi Mustafayev belə deyib

İlin sonunadək Xankəndi və Şuşada poçt xidmətləri olacaq
İsi Mustafayev
  • Oxuma müddəti:

    9 dəqiqə

  • Bu gün dünyanın hər yerində Ümumdünya Poçt Günü kimi qeyd edilir və bu il Ümumdünya Poçt İttifaqının (ÜPİ) yaranmasından 150 il ötür. Azərbaycan 1993-cü ildə ÜPİ-yə üzv olub və həmin tarixdən ölkəmizdə də Ümumdünya Poçt Günü geniş qeyd olunur. Azərbaycan ÜPİ-nin əksər tədbirlərində, ali qanunverici orqanlarının işində fəal iştirak edir və bu istiqamətdə fəaliyyətini davam etdirir. Ölkəmiz bu təşkilatın ali orqanlarına – Administrativ Şuraya (2004 və 2008-ci illər) və Poçt Əməliyyatları Şurasına (2008-ci il və 2016-cı illər) seçilib, onların müxtəlif layihə və işçi qruplarında təmsil olunub. Hazırda ÜPİ ilə əməkdaşlıq əlaqələri daha da genişlənməkdədir.

    Bu gün Azərbaycanda poçt rabitəsinin yaranmasından 206 il ötür. Bu o deməkdir ki, Azərbaycanın yeganə milli poçt operatoru olan “Azərpoçt”un 206 yaşı tamam olur. “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən İsi Mustafayevin müsahibəsi:

    - İsi müəllim, 9 oktyabr Ümumdünya Poçt Günüdür. Bu münasibətlə sizi və bütün poçt əməkdaşlarını təbrik edirik. İlk sualım budur ki, “Azərpoçt” bugünkü statusunu necə dəyərləndirir? Hansı mərhələdədir?

    - Minnətdaram. Mən də sizə kollektivimiz adından təşəkkür edirəm. Sualınıza cavab olaraq bildirim ki, “Azərpoçt”un bugünkü statusu dayanmadan yenilənmə və dəyişmə mərhələsinə daha çox uyğun gəlir. Artıq 3 ildir ki, “Azərpoçt” mövcud vəziyyəti, əsasları inkişaf etdirməyə çalışır, digər tərəfdən isə yeni istiqamətlərə cığır açır, yeni layihələri reallaşdırır. Həmçinin onu da qeyd etməliyəm ki, aparılan islahatlardan sonra milli poçt operatoru son 3 ildir ki, davamlı şəkildə fəaliyyətini mənfəətlə başa vuran bir quruma çevrilib və maliyyə stabilliyini təmin edə bilib.

    - Sonuncu brifinqdə bildirmişdiniz ki, növbəti layihələr daha çox rəqəmsal xarakter daşıyacaq. Bu layihələr həyata keçirilir?

    - Tamamilə doğru vurğulayırsınız, biz 2024-cü ili “Azərpoçt” üçün “rəqəmsal il” də hesab edə bilərik. Belə ki, cari il ərzində artıq 3 rəqəmsal layihəmizi elan etmişik. Bunlardan birincisi, hüquqi şəxslərin istifadəsi üçün nəzərdə tutulan internet bankçılıqdır, ikincisi “Azərpoçt”un maliyyə xidmətlərindən faydalanan fiziki şəxslər üçün təqdim olunmuş “AzPostMobile” tətbiqidir. Bu layihələrin reallaşdırılması ilə biz hər iki kateqoriya müştərilər üçün rahat və əlçatan xidməti təmin etmiş olmuşuq. Üçüncü layihəmiz isə “Azərpoçt”un yeni veb-səhifəsinin hazırlanmasıdır. Poçt müştərisi poçta gəlmədən onu maraqlandıran bütün sualların cavabını bu veb-səhifə vasitəsilə ala biləcək. Hər üç layihə vətəndaşların rəqəmsal məlumatlılıq tələbatlarının təmin olunmasına, xidmətlərin onlar üçün daha asan və rahat üsulla əldə olunmasına imkan yaradır.

    - Bu layihələr daha çox müştəriyönümlüdür, bəs İT infrastruktur və daxili sistemlərin təkmilləşdirilməsi baxımından hansı işlər görülüb?

    - Bəli, daxili İT infrastrukturun da yenilənməsində ciddi işlər görülüb. Bildiyiniz kimi, “Azərpoçt”un nəzdində sürətli poçt xidməti göstərən “qapıdan qapıya” prinsipi ilə çalışan EMS adlı strukturumuz var.

    Adi poçt sistemindən fərqli olan və sürətli poçt xidmətinin keyfiyyətini yüksəltmək məqsədi daşıyan növbəti rəqəmsal həlli tamamlamışıq. Ümumi iş proseslərini özündə əks etdirən və “Azərpoçt”un mütəxəssislərinin hazırladığı yeni proqram təminatı nəticəsində kuryer xidmətlərinin idarəetməsi və optimallaşdırılması həyata keçirilir. Belə ki, müştərilər tərəfindən gələn sifarişlərin effektiv şəkildə idarə olunması, marşrutların optimallaşdırılması, əməliyyatların izlənməsi təmin olunur. Bu işdən faydalanan tərəflər əsasən müştərilərdir. Belə ki, sifariş prosesi indi daha rahat və asandır, ödəniş üsulları fərqlidir və bütün proses şəffafdır. Çünki bütün əməliyyatlar, belə demək mümkündürsə, göz önündədir. Bu işdən digər faydalanan tərəf isə kuryerlərin özüdür. Onların iş performansları şəffaf şəkildə ölçülür və göstərdikləri xidmətlər sayəsində gəlir imkanları artır. Nəticə etibarilə bütün bunlar rəqabətdə üstünlüyə, gəlirlərin artmasına, xidmətin təhlükəsiz və etibarlı şəkildə icrasına imkan yaradır.

    Bundan başqa, biz təxminən bir neçə ay bundan qabaq daxili daşımaların izlənilməsi üçün “Azərpoçt”un daxili resursları hesabına proqram təminatını da istifadəyə verdik. Bildiyiniz kimi, “Azərpoçt” bu gün yalnız öz bağlamalarını çatdırmır, həm də ölkədə fəaliyyət göstərən digər karqo şirkətlərinə daşıma xidməti göstərir. Bu sistem karqo şirkətlərinin öz mallarını qəbul anından son çatdırılma anına qədər izləməsini təmin edir. Sözügedən sistem bizə və həmin şirkətlərə faydalı olmaqla yanaşı, müştəri məmnuniyyəti yaradır.

    - Bu il ərzində “Azərpoçt”un adından kiberdələduzluq halları barədə qurum dəfələrlə məlumat paylaşdı. Qurumun kibertəhlükəsizliyinin təmin olunması hansı səviyyədədir? Kiberdələduzluq hallarının qarşısının alınması üçün hansı işlər görülür?

    - Bu sual günümüzdə nəinki “Azərpoçt”u, eləcə də digər qurumları çox narahat edir və təəssüf ki, geniş yayılmış bir haldır. “Azərpoçt” həm poçt göndərişlərinin çatdırılmasını həyata keçirir, həm də “MasterCard” və VİSA kartları emissiya edir. Həm poçt sahəsində, həm də maliyyə sahəsində təhlükəsizliyin təmin olunması üçün tərəfimizdən bütün tədbirlər icra olunur, müştəri məlumatlarının məxfiliyinin qorunması üçün biz müasir və işlək olan bütün vasitələrdən istifadə edirik. Təəssüf ki, dələduzlar daima iş başındadırlar və bizdən yox, məhz müştəridən asılı olan səbəblərdən öz istəklərinə bəzən çata bilirlər. Təhlil edəndə görürük ki, oğurlanmış vəsaitin sahibi hesab olunan müştəridən onun pul vəsaitini yalnız özünün “icazəsi” ilə əldə edirlər, yəni müştərinin saxta və şirnikləndirici təkliflərə cəlb edilməsi ilə sonda pulunun ələ keçirilməsi baş verir. Burada bizim üzərimizə düşən mütəmadi maarifləndirmə, məlumatlandırma və vətəndaşlara qaranlıq qalan məqamları aydınlaşdırmaqdır ki, müştərilər daha tədbirli olsunlar, yanlışlığa yol verməsinlər. Son zamanlar müşahidələrimiz göstərir ki, artıq poçt göndərişi edən müştərilərimiz, demək olar ki, aldanmırlar, hətta özləri belə imkanları çərçivəsində kiberdələduzluq halını ifşa edirlər.

    - İsi müəllim, bu ilin sonunadək “Azərpoçt” tərəfindən bizi daha hansı yeniliklər gözləyir və qeyd etdiyiniz yenilənmə mərhələsi nə zaman bitəcək?

    - Öncə qeyd edim ki, ilin sonunadək biz Qarabağda yerləşən poçt şöbələrimizin açılışını təmin edəcəyik. Tezliklə Xankəndidə və Şuşada yaşayan vətəndaşlarımıza universal poçt xidmətləri, eləcə də digər xidmətlərimiz təqdim olunacaq. Yenilənmə mərhələsinin nə zaman bitəcəyi ilə bağlı suala birmənalı cavab vermək düzgün olmaz, çünki bu, davamlı prosesdir. Biz dünyada gedən inkişafı, texnoloji dəyişiklikləri, süni intellektin imkanlarını müşahidə edəndə görürük ki, yenilənmələr artıq konkret müddətə hədəflənmiş deyil, davamlı şəkildə olur.

    Azərtac