MÜSAHİBƏ

Kino yaradanlar, kino çəkənlər it günündədirlər...

Bunu ANS Press-ə müsahibəsində Azərbaycanın xalq artisti, ARKİ-nin üzvü Əbdül Mahmudov deyib

Kino yaradanlar, kino çəkənlər it günündədirlər...
  • Oxuma müddəti:

    3 dəqiqə

  • Azərbaycan Respublikası Kinomatoqrafçılar İttifaqının (ARKİ) sədri, xalq artisti Şəfiqə Məmmədovanın ətrafında söz-söhbət səngimək bilmir. Dövlət qurumlarından əldə etdiyimiz məlumata görə, Şəfiqə Məmmədova müharibə veteranları, qazilər və şəhid ailələrinə yardım üçün yaradlıan "Yaşat" Fonduna görə ittifaq üzvlərindən nağd olaraq topladığı 5 min manata yaxın vəsaiti mənimsəyib, həmin vəsait isə ittifaqın büdcəsi hesabına ödənilib. Bu və digər problemlərlə üzləşən kino xadimləri təcili qurultay çağırılması və legitim sədr seçilməsi ilə bağlı dövlət və hökumət qurumlarına müraciət ediblər. 

    Bunu ANS Press-ə müsahibəsində Azərbaycanın xalq artisti, ARKİ-nin üzvü Əbdül Mahmudov deyib.

    - Bir qrup mədəniyyət və incəsənət xadimi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvlüyündən imtina edib. Sizin də adınız çəkilir.

    - Xeyr, mən ittifaqdan çıxmamışam, çıxmaq fikrim də yoxdur, heç kimə məsləhət görmürəm. Kinonu kimə tapşırıb gedirik? Şəfiqə Məmmədova 12 ildir oturub orada (ARKİ nəzərdə tutulur-red.). Deyir, mənə yuxarıdan deyiblər ki, get otur orda.

    - Yuxarıdan deyəndə?

    - Fatma Abdullazadəni (PA humanitar şöbəsinin keçmiş müdiri – red.) nəzərdə tutur, o da yoxdur. Beş ildən bir qurultay keçirilməlidir, bu adam ordan 7 ildir qeyri-qanuni maaş alır. Qurultay beş il səlahiyyət verib, beş il! Bu adamın sədrliyinin cəmi beş ili qanunidir.

    - ARKİ məlumat yaydı ki, qurultay keçirilib, Şəfiqə Məmmədova yenə sədr seçilib.

    - Deyir guya İdarə Heyətini təcili yığıb, idarə heyətində də 11 nəfərin yeddisi yoxdur, biri ölüb, ikisi də çıxıb gedib. Çayxanada iclas keçirib...Ggörün bu qadın nə qədər özbaşınadır, nə qədər azğındır, nə qədər qudurub ki, heç kimi saya salmır. Deyir, bura mənimdir, vəsaalam! Mən artıq Fərəh xanıma ( Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri - red.), Ədalət müəllimə də (Prezident Administariyası Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri - red.),  nazirimizə də (Mədəniyyət nazirinin birinci müavini Adil Kərimli - red.) müraciət etmişəm ki, qurultay çağırılsın, sədr seçilsin. O "artistka" kimdir ki, bizə rəhbərlik eləsin? Təsəvvür edin ki, bu adam katibə maaş vermir, Cəmil Quliyev katib kimi maaş almır, amma oğluna ordan maaş verir, hansı xidmətlərinə görə? Çox qəribədir... Kino yaradanlar, kino çəkənlər it gündədirlər...

    - Sədrliyə namizədlər kimlərdir?

    - Elxan Cəfərov (rejissor - red.), Vaqif Mustafayev (rejissor - red.), Cəmi Quliyev (kinoşünas - red.). Ayaz Salayevin də namizədliyini fikirləşmişdik, amma özünü pis apardığına görə onun namizədliyi verilməyəcək. Deyir ki, Şəfiqə Məəmmədovanın alternativi yoxdur. Bunu Ayaz Salayev deyir!

    Qeyd edək ki, ARKİ sədri Şəfiqə Məmmədova ilə hələlik əlaqə saxlamaq mümkün olmayıb.