XƏBƏRLƏR / Diplomatiya

İndi Azərbaycan ilə Ermənistan arasında güclənən etimad var

Bunu Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim "Washington Examiner"ə müsahibəsində deyib

İndi Azərbaycan ilə Ermənistan arasında güclənən etimad var
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Rəsmi Bakı ABŞ Prezidenti Donald Trampın Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına, eləcə də Cənubi Qafqaz regionunun çiçəklənməsinə yönəlmiş səylərini yüksək qiymətləndirir.

    Bunu Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim "Washington Examiner"ə müsahibəsində deyib.

    Prezident Tramp əsl liderdir, əsl sülhməramlıdır. Ona görə də bilirdik ki, o seçiləndən sonra təkcə bizim regionda deyil, bütün dünyada sülh, firavanlıq və inkişaf üçün daha çox səy göstəriləcək.

    O qeyd edib ki, buna görə də yeni administrasiyanın bölgəyə sülh və inkişaf gətirməkdə maraqlı olması çox təbii idi.

    "Biz bu istiqamətdə birlikdə işlədik. Biz sazişin imzalanması və yekun ratifikasiyasına nail olmaq üçün gələcək fəaliyyətlərin davam etdirilməsinin zəruriliyini qəbul etdik, həmçinin ölkələrimiz arasında sülhün qorunmasının və möhkəmləndirilməsinin vacibliyini vurğuladıq", - deyə səfir əlavə edib. O deyib ki, xarici işlər nazirlərinin sazişi paraflamaları hazırkı müqaviləni möhkəmləndirir və bu, onu dəyişdirilməyəcəyini göstərir.

    “İndi qalır yalnız nə vaxtsa onu imzalamaq. Bu, inamla bağlı olan məsələ idi, çünki müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycan ilə Ermənistan arasında heç vaxt əsl sülh olmamışdı. İşğal baş vermişdi və biz uzun müddət bu məsələləri həll etməyə çalışırdıq. Vasitəçilər var idi, amma heç nə dəyişmirdi. Təbii ki, etimadın qurulmasına başlanılmamışdı. İndi Azərbaycan ilə Ermənistan arasında güclənən etimad var”, - deyə Xəzər İbrahim bildirib.

    Onun sözlərinə görə, sülh sazişlərinin yekunlaşdırılması üçün addım ata, kömək edə bilən qlobal lider lazımdır. Diplomat qeyd edib ki, altı ay əvvəl prezident seçildikdən sonra Donald Tramp dünyaya sülh gətirmək istəyən qlobal liderə çevrilib.

    Səfir əlavə edib ki, iki ölkədən birinin digərinə qarşı ərazi iddiası varsa, bu, heç bir nəticə verməyəcək. O vurğulayıb ki, hazırda qalan yeganə maneə Azərbaycana qarşı ərazi iddialarının yer aldığı Ermənistan konstitusiyasıdır. “Beləliklə, biz ümid edirik ki, çox qısa müddət ərzində Ermənistanda həmin müddəa dəyişdiriləcək və biz məmnuniyyətlə yekun sülh sazişini imzalaya biləcəyik”, - deyə X.İbrahim vurğulayıb.