İran-Azərbaycan münasibətlərinin görünməyən tərəfləri
Azərbaycan diplomatiyasının şərəf məsələsi
Azərbaycan Xalq Cümhuriyyəti yarandığı gündən qonşu dövlətlərlə qarşılıqlı dostluq münasibətləri yaratmaq, onların tərəfindən müstəqilliyinin tanınmasına nail olmaq uğrunda məqsədyönlü xarici siyasət yürüdüb. Qonşu İranla əlaqələrə bu baxımdan xüsusi önəm verilib. Belə ki, Azərbaycanın bu ölkə ilə uzun əsrlər müştərək tarixi olub, Araz çayı boyu Şimala və Cənuba bölündükdən sonra da İranın tərkibində yaşayan soydaşlar ilə istər Rus imperatorluğu dövründə, istərsə də monarxiya devrildikdən sonra əlaqələr kəsilməyib. Bakıda və ölkənin digər regionlarında yüz minlərlə İran təbəələri, əslində azərbaycanlılar yaşayıb, işləyib, öz "İranlı" icmasını yaradıblar.
Lakin 1917-ci ilin əvvəllərində, Şimali Azərbaycanda öz dövlətçiliyini qurmaq üçün real şərait yetişəndə "Azərbaycan muxtariyyəti" şüarını irəli sürən milli ruhlu siyasi xadimlər məhz bu - coğrafi, dini, qohumluq və digər tellərlə ən sıx bağlı olduğu ölkədən güclü təzyiq və etirazlarla üzləşirlər. "Azərbaycan muxtariyyəti" şüarında "muxtariyyət" tələbinə qarşı çıxan rus-bolşevik-erməni qüvvələrindən fərqli olaraq İran tərəfi bu ifadədəki "Azərbaycan" kəlməsini qəbul etmir.
İran dövləti əvvəlcə çoxsaylı mətbuatı, daha sonra rəsmi strukturları vasitəsilə öz vilayətlərindən birinin coğrafi adının Qafqazda yaranacaq yeni müsəlman-türk dövlətinə verilməsinə ən kəskin şəkildə etirazını bildirir. Tehran mətbuatı 1917-ci ildən başlayaraq bu tələbin irəli sürülməsində "müqəssir" bildiyi "Müsavat" partiyası və onun lideri Məhəmməd Əmin Rəsulzadəyə qarşı iki il davam edəcək və bəzən təhqir halına keçəcək geniş kampaniya açır.
Rəsulzadə bu tayda "Azərbaycan" adının işlənməsi əleyhinə söylənən tarixi-siyasi iddialara uzun müddət "Açıq söz" və "Azərbaycan" qəzetlərində təklikdə cavablar verir, yeni yaranmış dövlətin tarixi-milli və siyasi zəmində "Azərbaycan" adını daşıması haqqını məntiqi dəlillərlə əsaslandırır.
Burada vurğulanmalıdır ki, 1918-ci ilin 28 mayında Cümhuriyyətin yarandığı elan ediləndə ölkənin hansı ad daşıyacağı ümumən müzakirə və ya mübahisə mövzusu olmamışdı. Bu baxımdan Azərbaycanın "Qızıl Nəsli" sayıla biləcək milli ruhlu ziyalı zümrəsinin XIX əsrin sonlarından "Azərbaycan" kəlməsini mətbuat və ədəbiyyat vasitəsilə Arazın şimalındakı "rus quberniyalarına" gətirməsi ilə başlanan bir prosesin cəmi 30 ildən sonra həmin adda dövlətin yaradılması ilə başa çatması sözün ən geniş mənasında tarixi-siyasi əhəmiyyətə malik hadisə sayılır.
Cənubi Qafqazın şərqində, Bakı, Gəncə, İrəvan quberniyaları əhatə edən ərazilərdə Azərbaycan Xalq Cümhuriyyəti adlı yeni dövlətinin yaradılması haqda xəbər dərhal teleqrafla dünyanın əksər siyasi mərkəzlərinə çatdırılır, Nazirlər Şurasının sədri Fətəli xan Xoyski bu haqda, digər paytaxtlar kimi, Tehrana da rəsmi məlumat verir.
Lakin İran dövləti artıq baş vermiş fakt qarşısında belə, istiqlalı elan edilmiş Cümhuriyyətin "Azərbaycan" adlandırılması ilə yenə də barışmır. 1918-ci ilin yayında İstanbulda keçirilməsi nəzərdə tutulan və yeni dövlətlərin tanınma məsələsinin həlli gözlənilən beynəlxalq konfransda iştirak etmək üçün M.Ə.Rəsulzadənin başçılıq etdiyi diplomatik missiya bu şəhərə yetişən kimi geniş fəaliyyətə başlayır. İlk olaraq İstiqlal bəyannaməsinin tam mətni və AXC haqda digər məlumatlar olan sənədlər İstanbuldakı bütün xarici nümayəndəliklərə təqdim edilir. Bu ölkələrin əksəriyyətinin Azərbaycanın istiqlalına münasibəti birmənalı olmasa da, yalnız İranın İstanbuldakı konsulluğu göndərilən sənədləri oxumadan "Biz Azərbaycan adında müstəqil dövlət tanımırıq" - deyə geri qaytarır.
İran konsulu Mirzə Mahmud xan Dəvəli Qacarın bu hərəkəti onunla hələ İrandan yaxın tanış olan M.Ə.Rəsulzadəni o həddə hiddətləndirir ki, sonrakı görüşlərdən imtina edir və hətta diplomatik qəbullarda təsadüfən rastlaşdıqda belə salamlaşmır.
1918-ci ilin sentyabrın sonlarında İstanbula gələn ikinci Azərbaycan diplomatik missiyasının rəhbəri Əlimərdan bəy Topçubaşov da Azərbaycanın müstəqilliyinin tanınması məsələsi ətrafında bu şəhərdə olan İran diplomatları ilə görüşlərində zahirən bütün ehtiram və hörmətli rəftara, uzun-uzadı müzakirələrə baxmayaraq, eyni qətiyyətli və kəskin "etirazla" üzləşir.
1919-cu ilin əvvəllərində, I Dünya müharibəsinin nəticələrinin, o cümlədən, yeni yaranan dövlətlərin taleyinin artıq İstanbulda deyil, Parisdə Sülh Konfransında həll olunacağı aydınlaşanda Ə.Topçubaşovun İstanbulda İranın xarici işlər naziri və Sülh konfransında İran nümayəndə heyətinin başçısı Müşavirəl-əl Məmalik Əliqulu xan Ənsari ilə keçirdiyi üç görüşün hamısı ağır təəssüratla başa çatır.
Topçubaşovun şəxsinə həqiqətən böyük hörmətlə yanaşan Əliqulu xan Parisə yola düşmək ərəfəsində Əlimərdan bəyin xəstə yatdığını eşidərək özü vidalaşmaq üçün onun yanına otelə gəlir, lakin bu görüşdə də Azərbaycan Cümhuriyyəti üçün ən münasib yolun daxili idarəçilik saxlanılmaqla İrana birləşmək olduğunu bildirir, ən yaxşı halda konfederasiya barədə düşünmək təklifini təkrar edir.
İran dövləti Azərbaycan Cümhuriyyətinə qarşı son dərəcə barışmaz mövqedə qalmaqla artıq beynəlxalq səviyyədə konkret addımlar atır, ad məsələsindən tutmuş, onun əhatə etdiyi ərazilərə öz tarixi torpaqları iddiası ilə Paris Sülh konfransına müraciət edir. Bu məsələ Cümhuriyyətin tanınması yolunda bir əngələ çevrilməyə başlayır. Qərb dövlətlərinin nümayəndələri belə, öz yazışmalarında yeni respublikanın adının İran vilayətindən götürülməsi məsələsinə diqqət yönəldirlər. Azərbaycan hökuməti İranla münasibətlərdə yaranmış arzuolunmaz vəziyyəti dəyişmək məqsədilə yubanmadan bu ölkə ilə diplomatik əlaqələr qurmaq yolunda daha bir cəhd edir və İsmayıl xan Ziyadxanovun başçılığı ilə İrana rəsmi diplomatik missiya göndərmək haqda qərar verir.
Qacarlar sülaləsinin şahlıq etdiyi ölkəyə göndərilən belə mühüm missiyanın rəhbəri kimi məhz İsmayıl xanın seçilməsi təsadüfi deyildi. Tanınmış ictimai-siyasi və dövlət xadimi, Azərbaycan milli istiqlal hərəkatının görkəmli nümayəndəsi İsmayıl xan özü də Qacarlar nəslinə mənsub Ziyadoğulları ailəsinin üzvü idi, sonuncu Gəncə xanı Cavad xanın birbaşa varislərindən sayılırdı, anası İran şahzadəsi Bəhmən Mirzə Qacarın qızı idi. Bu heyətin tərkibinə Qacarlar nəslinin daha bir nümayəndəsi, Bəhmən Mirzənin oğlu, general-mayor, şahzadə Əmənulla Mirzə Qovanlı-Qacarın da daxil edilməsi isə açıq-aydın İran hökumətinə iki dövlət arasında "qohumluq" əlaqələrinin mövcudluğuna işarə kimi qəbul olunmalıydı.
Azərbaycan hökumətinin başçısı Fətəli xan Xoyskinin imzaladığı 1919-cu il 20 mart tarixli mandatda Missiyaya "Dost qonşu Şah hökumətinə 1918-ci il 28 may tarixində müstəqil Azərbaycan Cümhuriyyətinin yarandığını elan etmək və Azərbaycanla İran arasında qarşılıqlı dostluq münasibətləri yaratmaq məqsədilə Azərbaycan hökuməti adından ilkin danışıqlar aparmaq səlahiyyəti" verilir, bu danışıqların əhatə edəcəyi konkret məsələlər göstərilirdi.
1919-cu ilin aprel ayında İsmayıl xan Ziyadxanovun başçılıq etdiyi Azərbaycan Fövqəladə diplomatik missiyası Tehrana yola düşür. "Azərbaycan" adına görə İranda baş qaldıran və artıq siyasi müstəviyə çıxarılan narazılıqların açıq münaqişə həddinə çatmaması və razılıqla həll olunması üçün həmin məsələni hər vəchlə qızışdıran İran mətbuatını "sakitləşdirməyə" çalışan M.Ə.Rəsulzadə "Azərbaycan" qəzetində "İran və biz" başlıqlı məqalə dərc edir və İsmayıl xan Ziyadxanovun başçılığı ilə Bakıdan gələn "heyəti-mürəxxəsin" İran tərəfindən "hüsn-qəbilə" ilə qarşılanacağına və "dost və əqraba bir milləti təmsil elədiyinə qane olaraq" ona "müamilə edəcəyinə" ümidini bildirir.
Beləliklə, İranla diplomatik əlaqələrin qurulması sahəsində ilk addım atılır. İran mətbuatından məlum olur ki, İsmayıl xanın missiyası həqiqətən Tehranda böyük hörmətlə qarşılanmış və bu zaman onun Qacarlar nəslindən olduğu da xüsusi vurğulanmışdı. "Qafqaz islam millətinin" nümayəndəsinin İrana gəlişindən məmnunluğunu bildirən yarırəsmi "İran" qəzeti bu məqamı hətta "Qonaq bizdəndir" adı ilə öz yazısının başlığına çıxarmışdır: "Bu möhtərəm qonaq bizdəndir, yəni o tayfadandır ki, İranda 100 ildən artıq səltənət etmiş, sözün əsl mənasında İran dövlətinin və millətinin nümayəndəsidir. Cənab İsmayıl xan Ziyadxanlı tayfasındandır, bunlar Gəncədə ən möhtərəm və etibarlı xanlardan sayılırlar və çar Rusiyası hökumətinin işğalından öncə Gəncədə hökmranlıq etmişlər". Maraqlıdır ki, bu yazıda Qafqaz ayrıca coğrafi məkan kimi göstərilir və onun "islam millətinin" qədim dövrlərdən bəri İranla siyasi, dini və qonşuluq əlaqələri olduğu" vurğulanır.
İran hökuməti İsmayıl xanın missiyasına Tehranın Möqtədirülmülk bağında ayrıca iqamətgah ayırmış və heyət dövlətin bir sıra ali rəhbərləri, o cümlədən, İran şahı və Baş nazir Vüsuq-üd Dövlə tərəfindən qəbul edilmişdi.
Qacar nəslinə mənsub qonağı şəhər kənarındakı Fəxribağiyə sarayında qəbul edən gənc Əhməd şah ona Azərbaycanın sərhədləri, hökumətin tərkibi, parlamentdəki siyasi fraksiyalar və Versaldakı (Paris) sülh konfransında Azərbaycan nümayəndə heyəti haqqında suallar vermişdi.
Təbii ki, bu görüşlər zamanı İsmayıl xanın təmsil etdiyi dövlətin adı məsələsi də ortaya gəlmiş, hətta onun dəyişdirilməsi təklifi edilmişdi. Söhbətlərin gedişindən aydın olur ki, İsmayıl xan Ziyadxanov İran tərəfi ilə bu mövzu ətrafında hər hansı mübahisə açmaq istəməyib və öz missiyanın qarşısına qoyulmuş əsas vəzifənin həllinə, bu qonşu ölkə ilə diplomatik münasibətlərin qurulmasına nail olmağa çalışıb.
Həmin günlər İran mətbuatında özünü "İranın şimalındakı böyük və məşhur əyalətin" adı ilə "Azərbaycan Cümhuriyyəti" adlandıran bir ölkədən gələn nümayəndələrin, yəni İsmayıl xanın missiyasının "hansı məqsədlə" İran dövləti tərəfindən qəbul edildiyi kimi çoxsaylı suallar və iradlar qaldırılırsa da, İran tərəfi, həmin məsələnin hələ uzun müddət gündəmdə qalacağına baxmayaraq, real siyasi şəraitdən çıxış edərək Azərbaycan nümayəndə heyəti ilə danışıqları davam etdirir. Nəticədə Tehran hökuməti ilə AXC arasında daimi diplomatik nümayəndəliyin və İranın bir sıra məntəqələrində konsulluqların açılması barədə razılıq əldə olunur, poçt-teleqraf, ticarət və sair sahələrə dair saziş layihələri hazırlanır.
Vətənə dönməzdən əvvəl İsmayıl xan bir daha İranın Baş naziri Vüsuq-üd Dövlə ilə görüşür və İran dövlətinin Azərbaycan, Türküstan və digər əraziləri hesabına öz sərhədlərini genişləndirməsi haqda İran nümayəndə heyətinin Versal (Paris) sülh konfransında qaldırdığı iddia ilə bağlı məsələni gündəmə gətirir. Baş nazir İranın belə bir fikri olmadığı, öz nümayəndə heyətinə etiraz göndərdiyi və bu qeyri-dəqiq xəbəri təkzib etməyi tapşırdığı kimi cavab verir və əlavə edir ki, hətta "İran nümayəndə heyətinə Versalda Azərbaycan Respublikasının suverenliyini müdafiə etmək haqda teleqram göndərilmişdir".
Burada İran dövlətinin Azərbaycan Cümhuriyyətinə qarşı münasibətinin yumşalmasında Avropa dövlətlərinin Paris Sülh konfransında İranın Azərbaycana qarşı ərazi iddialarına qeyri-qənaətbəxş münasibəti, əlbəttə ki, nəzərə alınmalıdır. Son nəticədə böyük dövlətlər İranın I Dünya müharibəsində bilavasitə iştirak etmədiyini, yəni neytral qaldığını əsas gətirərək onun hər hansı ərazi iddialarına haqqı olmadığını bildirmiş, İran ümumiyyətlə Konfransın işinə buraxılmamış və İran nümayəndə heyətinin bir çox qonşu ölkələrə qarşı geniş ərazi tələbləri heç baxılmadan rədd edilmişdi.
Digər tərəfdən Əlimərdan bəy Topçubaşovun rəhbəri olduğu Azərbaycan nümayəndə heyəti də istər Paris Sülh Konfransına təqdim etdiyi sənədlərdə, istərsə də İran nümayəndə heyəti ilə danışıqlarda "Azərbaycan" deyərkən yalnız Qafqaz Azərbaycanı nəzərdə tutulduğunu dönə-dönə vurğulayırdı. Eləcə də "Qafqazlılar" adından İran Azərbaycanı sakinlərinə "qüdrətli və mədəni İran dövlətinin himayəsi altında siyasi və fərdi azadlığa nail olmaq, böyük inkişafa, sosial və siyasi tərəqqiyə qovuşmaq arzu edilirdi".
1919-cu ilin sentyabrında İranın yeni xarici işlər naziri və bu ölkənin Paris Sülh Konfransında nümayəndə heyətinin yeni başçısı təyin olunmuş Firuz Mirzə Azərbaycan nümayəndə heyəti ilə münasibətlərin müsbət mənada dəyişilməsinə rəvac verir və Azərbaycan diplomatlarının da səyləri nəticəsində bu münasibətlər inkişaf etdirilərək sıx əməkdaşlıq həddinə çatır. Həmin ilin oktyabr ayında Parisdə Azərbaycan-İran birgə komissiyası yaradılır və iki dövlət arasında əməkdaşlığın əsasları haqqında saziş layihəsi hazırlanır. 1919-cu il dekabrın əvvəllərində isə İran dövləti Azərbaycan hökuməti ilə danışıqlar aparmaq üçün təcrübəli siyasətçi Seyid Ziyaəddin Təbatəbainin başçılığı ilə Qafqaz Fövqəladə Komissiyasını Azərbaycana göndərir.
Xüsusi qeyd edilməlidir ki, bu sonuncu addımın atılmasında həmin dövr bölgədə, o cümlədən, Azərbaycanda gedən dövlət quruculuğu proseslərini diqqətlə izləyən Qafqazdakı İran diplomatlarının müşahidələri də mühüm rol oynayırdı. Belə ki, yeni dövlətlərin bütün mövcud çətinliklərə baxmayaraq, "tam müstəqil formada öz işləri ilə məşğul olub qanunlar qəbul etdiyi", "qədim dövlətlərin də çəkindikləri" addımlar atdığı, böyük dövlətlərin "hərbi qüvvələr vasitəsilə öz hüquqlarını qorumaq və niyyətlərini reallaşdırmağa qadir olmasına baxmayaraq", bu hökumətlərə "siyasi komissiyalar göndərib, müqavilələr bağladığı" kimi reallıqlar qarşısında İran diplomatları öz rəhbərliklərinə dövlət mənafeləri naminə "heç bir mülahizə irəli sürmədən" Qafqaz hökumətləri ilə münasibətlər qurmağı tövsiyə edirdilər.
Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin 1920-ci ilin yanvarında Paris Sülh Konfransının nəticələrinə əsasən dünyanın aparıcı dövlətləri tərəfindən de-fakto tanınması kimi tarixi hadisə isə bu məsələdə son nöqtəni qoymuş oldu. Qarşılıqlı dostluq və iqtisadi münasibətlərin qurulmasında maraqlı olan hər iki ölkənin səyləri 1920-ci il 20 mart tarixində AXC və İran arasında dostluq müqaviləsi və bir neçə sazişin bağlanması ilə başa çatdı. 1920-ci il aprelin 15-də Azərbaycan Parlamenti iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin əsası qoyulan bu sənədləri təsdiq etdi.
Həmin hadisədən bir qədər əvvəl isə artıq Qacarlar nəsli və Ziyadxanoğlu ailəsinin digər üzvü, İsmayıl xan Ziyadxanovun kiçik qardaşı, İranda Azərbaycan Xalq Cümhuriyyətinin diplomatik nümayəndəsi təyin olunmuş Adil xan Ziyadxan (Ziyadxanov) başçılıq etdiyi missiya ilə 1920-ci ilin yanvar ayında Tehrana gəlmişdi.
AXC və İran arasında bağlanan 20 mart 1920-ci il tarixli müqavilə İranın Azərbaycan Cümhuriyyətini tanıması kimi qəbul edilərək martın 21-də - Novruz bayramı günü Tehranda Azərbaycan Cümhuriyyətinin səfirliyi açılır və İran rəsmilərinin, çoxsaylı qonaqların iştirak etdiyi bu mərasimdə təntənəli şəkildə Azərbaycanın üçrəngli bayrağı qaldırılır.
Fotonun aşağısında yazılıb:
Tehranda Azərbaycan Cümhuriyyəti Səfarətinin rəsmi-küşadı, 29 cəmadiüc-sani 1338-21 Mars 1920 Novruz bayramı günü. (Əkkas - Əbülqasım bin Məhəmmədtağı Nuri)
Fotonun arxasındakı yazı:
Bu əks həmin mövqeni göstərir ki, səfiri-Cümhuriyi-Azərbaycan Adil xan Ziyadxan Azərbaycan Cümhuriyyətinin bayrağını Tehranda qalxızandan irəli nitq söyləyir. Görükən mizin üstdə Qurani-məcid qoyulub və onun müqabilində əziz Cümhuriyyətimizin cavan bayrağı. Nitq qurtarandan sonra səfir bayrağı Qurani-məcid altından keçirib öz əli ilə ucaltdı. Vüzəralardan və İran millətinin nümayəndələrindən savayı tamam Tehranda olan dövlətlərin süfəraları ücəraları ilə bu ceşnə təşrif gətirmişdilər.
lll
21 mart 1920-ci il. Hadisələrin sonrakı inkişafı bucağından baxılarsa, bu əlamətdar tarix eyni zamanda həmin səfirliyin fəaliyyətinin heç də uzun sürməyəcəyinin, bir aydan az keçmiş - 1920-ci il 27 aprelində Azərbaycanın bolşevik ordusu tərəfindən işğalı nəticəsində sona yetəcəyinin göstəricisi də sayıla bilər.
Lakin məhz bu hadisədən sonra Cümhuriyyətin İrandakı səfirliyinin aqibəti ayrıca bir hekayətə çevrilir, çox acı, ağrılı olmaqla bərabər, Cümhuriyyət Kişilərinin ən ağır məqamlarda belə öz mərd, alicənab, dürüst insani simalarını necə qoruduqlarının, Vətənə, Xalqa, Dövlətçiliyə sevgi və sadiqliklərinin daha bir nümunəsi yaranır.
Digər tərəfdən, Cümhuriyyətin İrandakı səfirliyinin fəaliyyətini və iki ölkə arasında bərabərhüquqlu, qarşılıqlı əlverişli münasibətlər ənənəsinin qoyulmasında xidmətini heç bir halda bu "bir aylıq" müddətlə ölçmək olmaz. Nəzərə alınmalıdır ki, hələ Rusiya imperatorluğu vaxtından İranın Cənubi Qafqazın bir çox şəhərlərində, o cümlədən, Bakıda konsulluğu olması və Cümhuriyyət dövründə də həmin nümayəndəliklərin öz fəaliyyətlərini davam etdirməsi faktı qarşısında müstəqil Azərbaycanın da bu ölkədə öz rəsmi nümayəndəliyini açmaq iddiası İran dövləti tərəfindən heç də dərhal qəbul edilməmişdi. Rusiya monarxiyası dağıldıqdan sonra İranda yaşayan keçmiş rus təbəələri - azərbaycanlıların Təbrizdə öz nümayəndəliklərini yaratmaq cəhdlərinə də tezliklə Tehran hakimiyyəti tərəfindən son qoyulmuşdu.
İranla mürəkkəb və ziddiyyətli münasibətləri addım-addım yoluna qoyan Azərbaycan tərəfi artıq bu ölkədə öz səfirliyini açmaq məsələsində də razılıq əldə edir. Cümhuriyyətin İranda diplomatik nümayəndəliyi Azərbaycan hökumətinin 1 avqust 1919-cu il tarixli qərarı ilə təsis edilir və həmin dövr AXC Xarici İşlər nazirinin müavini, əslində nazir (Ə.Topçubaşov) ölkədə olmadığı üçün onun vəzifəsini icra edən Adil xan Ziyadxan həmin missiyaya rəhbər təyin olunur.
(Ardı var)