İran geri çəkilmək fikrindən daşınıb, hücuma keçdi
İran XIN sözçüsü İsmayıl Bəqayi dünən xarici işlər naziri Abbas Əraqçinin dediklərini faktiki təkzib etdi

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi müharibə başlayandan bəri ilk brifinq keçirib.
Brifinqdə səslənən bəyanatlar:
- Belə bir şəraitdə ABŞ-la hər hansı danışıqlardan danışmaq tamamilə mənasızdır. BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi ABŞ öz mövqeyini açıq şəkildə ifadə etməli, bu təcavüzü tanımalı və pisləməlidir.
- BMT-yə üzv olan bütün dövlətlər, o cümlədən Təhlükəsizlik Şurasının 5 daimi üzvü bu təcavüzlə bağlı öz mövqeyini bildirməli və onu pisləməlidir.
- İsrailin təcavüzünə dəstək verən və ona haqq qazandırmağa çalışan bütün ölkələr cinayət ortağı sayılır və onların adları İranın yaddaşında cinayətin ortağı kimi qalacaq...
- İran millətini müdafiə edərkən biz hər bir ölkəyə öz məsuliyyətini xatırladırıq: əgər onlar BMT Nizamnaməsinin prinsiplərinə və qanunun aliliyinə həqiqətən inanırlarsa, indi hərəkətə keçməlidirlər.
- Təhlükəsizlik Şurası öz öhdəliklərini yerinə yetirməlidir.
- İşğalçıya haqq qazandıran, İranı təmkinli olmağa çağıran sözlər ikiüzlülük və məsuliyyətsizlikdən başqa bir şey deyil...
- Biz bütün ölkələrdən, xüsusən də dost ölkələrdən və Təhlükəsizlik Şurasında nüfuzu olan ölkələrdən öz potensiallarından istifadə etmələrini gözləyirik. İlk addım həqiqətən baş verənləri etiraf etməkdir. Bu aqressiyadır və təcavüzə haqq qazandırmaq olmaz.
- Bu, BMT Nizamnaməsinin ən mühüm prinsipini pozan təcavüz aktından başqa bir şey deyil.
Xatırladaq ki, dünən İranın XİN rəhbəri Abbas Əraqçi nüvə silahına dair istənilən razılaşmaya hazır olduğunu demişdi.