İran hərbçiləri "Akıncı" PUA-sının istifadəsi barədə
İran Silahlı Qüvvələrinin Baş Qərargahı bu barədə bəyanat yayıb
İran Silahlı Qüvvələrinin Baş Qərargahı İran Prezidentinin helikopterinin qəzaya uğradığı yeri müəyyən etmək üçün Türkiyəyə məxsus pilotsuz uçan aparatın istifadəsi ilə bağlı açıqlama yayıb.
Məlumatda qeyd olunub ki," əlverişsiz hava şəraitinin mövcudluğu, eləcə də ərazinin coğrafi cəhətdən mürəkkəb və dağlıq olması səbəbindən xilasetmə qüvvələri qurudan axtarışlara başlayıb.
Axtarış-xilasetmə radarları ilə təchiz edilmiş müasir İran pilotsuz təyyarələri Hind okeanında missiyasını başa vurub və helikopterin qəzaya uğradığı yerdən xeyli aralıda olublar, buna görə də İran Silahlı Qüvvələrinin Baş Qərargahı ən yaxından kömək təklifi ilə razılaşıb. Türkiyəyə məxsus, gecə görmə cihazları və termal görüntü kameraları ilə təchiz edilmiş Türk pilotsuz uçan aparatı helikopterin qəzaya uğradığı yeri dəqiq bildirə bilməyib və Türkiyəyə qayıdıb.
Nəhayət, helikopterin qəzaya uğramasının dəqiq yeri səhər tezdən yerüstü xilasetmə qüvvələri və Hind okeanındakı missiyasından geri çağırılan İran hərbi pilotsuz təyyarələri tərəfindən aşkar edilib.
Silahlı Qüvvələrin Baş Qərargahının Kommunikasiya Mərkəzi bütün ölkələrin, o cümlədən Rusiya və Çinin, xüsusilə “dost Türkiyə”nin səylərini və əməkdaşlığını yüksək qiymətləndirib və təşəkkür edib."
Xatırladaq ki, dünən Türkiyənin "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar bu məsələ ilə bağlı jurnalistlərə açıqlama vermişdi.
O qeyd etmişdi ki, "Ərazi şərtlərinin mürəkkəb olmasına baxmayaraq, “Akıncı” PUA-larının helikopteri tapmaqda rolu böyük olub".
Bundan başqa, "Akıncı" PUA-sının axtarış manevrlərini "Flightradar" proqramında 2 milyondan çox insan canlı izləyirdi.