XƏBƏRLƏR / Qonşular

İranda ağız deyəni qulaq eşitmir: SEPAH Hormuzu bağlı sayır

İranın XİN rəhbəri Abbas Əraqçi boğazının tam açıq olduqunu elan etmişdir

İranda ağız deyəni qulaq eşitmir: SEPAH Hormuzu bağlı sayır
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İranın XİN rəhbəri Abbas Əraqçının Hörmüz boğazının tam açıq olmasını bəyan etməyinə baxmayaraq SEPAH Hərbi Dəniz Qüvvələri bunun əksini deyir:

    "Hörmüz boğazı bu axşam bağlanıb. Atəşkəsin pozulması və ABŞ-ın İran gəmiləri və limanlarına qarşı dəniz blokadasını ləğv etməməsi səbəbindən Hörmüz boğazı bu axşam blokada qaldırılana qədər bağlı olacaq."

    Müharibə Tədqiqatları İnstitutunun (İSW) hesabatına görə, SEPAH komandanı Vəhidi və onun yaxın ətrafı son iki gündə yalnız mövcud münaqişədə hərbi əməliyyatlar üzərində deyil, həm də danışıqlar prosesi və Tehranın mövqeyi üzərində nəzarəti ələ keçiriblər.

    Analitiklər bunu Hörmüz boğazı ilə bağlı ziddiyyətli açıqlamalarla əlaqələndirirlər: 18 apreldə SEPAH Hərbi Dəniz Qüvvələri su yolunun tamamilə bağlandığını elan etdi, İranın xarici işlər naziri Əraqçi isə 17 apreldə boğazın kommersiya gəmiçiliyi üçün "tam açıq" olduğunu bildirdi.

    İnstitut qeyd edir ki, SEPAH rəhbərliyi, ehtimal ki, hərbi əməliyyatların əvvəlindən bütün danışıqlar prosesini idarə edib, "bu, ənənəvi olaraq siyasi liderlərin səlahiyyətidir". Ekspertlərin fikrincə, bütün bunlar siyasi rəhbərliyin İranın danışıqlar mövqelərini müstəqil şəkildə müəyyən etmək səlahiyyətinin olmadığını göstərir.

    ISW belə bir nəticəyə gəlir: "SEPAH-ın hərəkətləri, ehtimal ki, Korpusun rejim üzərində nəzarətini və xüsusən də İranın danışıqlar siyasəti üzərində nəzarətini nümayiş etdirmək üçün hazırlanmış daxili güc nümayişidir".