İranda prezident seçkisinin ikinci turunda səsvermədir
İkinci turda hər iki namizəd səs verib FOTO
13:14
İranda prezident seçkilərinin ikinci turunda hər iki namizəd səs verib.
İRNA xəbər verir ki, namizədlər Tehranın Şəhr-e Qods və Varamin məntəqələrində səs verib.
Qeyd edək ki, İranda yerli vaxtla saat 08:00-da prezident seçkilərində səsvermənin ikinci turu başlayıb. Seçkilərin ikinci turunda 69 yaşlı islahatçı, sabiq səhiyyə naziri Məsud Pezeşkiyan və İran liderinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi, 58 yaşlı mühafizəkar Səid Cəlili mübarizə aparırlar. İyunun 28-də keçirilmiş birinci turda Pezeşkiyan və Cəlili müvafiq olaraq 44 faiz və 40 faiz səs toplayıblar. Seçkilərdə iştirak 40 faiz təşkil edib ki, bu da İslam respublikasının 45 illik tarixində ən aşağı göstəricidir.
İkinci tur ərəfəsində keçirilən sorğunun nəticələrinə görə, respondentlərin 52 faizi Məsud Pezeşkiyana, 48 faizi isə Səid Cəliliyə səs verməyə hazır olduğunu bildirib.
***
08:39
İranda növbədənkənar prezident seçkilərinin ikinci turunda səsvermə başlayıb.
Bütün səslər hesablandıqdan sonra ölkədə seçkilərin nəticələrinin iyulun 6-da səhər saatlarında məlum olacağı gözlənilir.
Prezidentlik uğrunda 69 yaşlı keçmiş səhiyyə naziri, islahatçı Məsud Pezeşkiyan və İran liderinin Ali Milli Təhlükəsizlik Şurasındakı 58 yaşlı nümayəndəsi, mühafizəkar Səid Cəlili mübarizə aparır.
Qeyd edək ki, iyunun 28-də İranda 4 namizədin iştirakı ilə prezident seçkisi keçirilib. Birinci turda qalib müəyyən edilmədiyindən prezidentliyə namizədlər Məsud Pezeşkian və Səid Cəlili ikinci tura keçib.