Qarabağda hansı şəhər və kəndlərdə səsvermə olacaq?
Azad edilən ərazilərdə 9 seçki dairəsi üzrə 20-dən çox seçki məntəqəsi yaradılıb
Azərbaycan fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinə hazırlaşır. Əvvəlki illərdən fərqli olaraq bu dəfə seçkilər işğaldan azad edilmiş ərazilərdə də baş tutacaq. Bu məqsədlə Mərkəzi Seçki Komissiyası (MSK) azad edilən ərzilərdə seçki məntəqələri yaradıb.
Azad edilən ərazilərdə 9 seçki dairəsi üzrə 20-dən çox seçki məntəqəsi yaradılıb.
Qeyd edək ki, bu seçkilərdə Xankəndi şəhərində də seçki məntəqəsi qurulacaq. Şəhərdə yerləşən keçmiş mərkəzi inzibati binada 14 saylı seçki məntəqəsi yaradılıb. Burada Xankəndi şəhərində və Malbəyli kəndində qeydiyyatda olan seçicilərin səs verməsi üçün imkan yaradılıb.
121 saylı Laçın seçki dairəsində yerləşən azad edilmiş ərazilərdə 5 yeni seçki məntəqəsi yaradılıb. Bu məntəqələr Laçın şəhərindəki 2 nömrəli tam orta məktəbin, "Bakı Abadlıq Xidməti" MMC-nin və sənaye kompleksinin binalarında, digər iki məntəqə isə Zabux kəndində və Qorçu qəsəbəsində yerləşir.
Kəlbəcər şəhərində yerləşən “Bakı Abadlıq Xidməti”nin və Azərişıq” ASC-nin binalarında da iki seçki məntəqəsi yaradılıb. Zəngilanın Alıbəyli kəndində və Ağbənd qəsəbəsində, eləcə də Qubadlının Xanlıq kəndində də seçicilərin səs verməsi üçün şərait yaradılıb.
Seçicilər Şuşa şəhərində yerləşən 1 nömrəli məktəbin binası, Xocalı rayonunun Təzəbinə kənd tam orta məktəbin binası, Əsgəran qəsəbəsndə yerləşən uşaq bağçasının binası, Xocavənd rayonunun Hadrut qəsəbəsində yerləşən “Azərişıq” ASC-nin binasında da səs verə biləcək.
Cəbrayıl şəhərindəki "Azərişıq" ASC-nin binasi, rayonun Soltanlı kəndində seçki məntəqələri yaradılıb. Füzuli şəhərində yerləşən 3 seçki məntəqəsində də seçicilər səvermə hüquqlarından istifadə edə biləcək.
Ağdam şəhərində yerləşən 2 binada, rayonun Kəngərli kəndində, Suqovuşan qəsəbəsində, Ağdərə şəhərində yerləşən seçki məntəqələri seçki günü vətəndaşlar üçün açıq olacaq.
Qeyd edək ki, azad edilən ərazilərdə 23 minə yaxın seçici səs verəcək.