XƏBƏRLƏR / Seçki

Sabah Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək

Səsvermə Ankara vaxtı ilə saat 08:00-da başlayacaq və saat 17:00-dək davam edəcək

Sabah Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Sabah Türkiyədə prezident və 28-ci çağırış parlament seçkiləri keçiriləcək.

    Türkiyə ərazisində 191 mindən çox seçki qutusu qurulacaq. Ölkə daxilində 60 milyon 697 min 843 seçici qeydə alınıb. Onlardan 5 milyona yaxını ilk dəfə səs verənlərdir.

    Səsvermə Ankara vaxtı ilə saat 08:00-da başlayacaq və saat 17:00-dək davam edəcək. Yüksək Seçim Qurumunun (MSK) sədri Ahmet Yener ilkin nəticələrin həmin gün elan olunacağını bildirib.

    Xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşları aprelin 27-dən mayın 9-dək öz seçimini edib. Ölkə xaricində qeydiyyatdan keçən 3,4 milyon seçicinin 1,7 milyondan çoxu səs verib. Gömrük məntəqələrində isə səsvermə sabah saat 17:00-də başa çatacaq. Ekspertlərin fikrincə, Türkiyədən kənarda yaşayan vətəndaşların əksəriyyəti hakim Ədalət və İnkişaf Partiyasını və Rəcəb Tayyib Ərdoğanı dəstəkləyir. Məhz onların səsi prezident seçkilərində həlledici rol oynaya bilər.

    Dövlət başçısı postu uğrunda üç namizəd – hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və Ata İttifaqının namizədi Sinan Oğan mübarizə aparırlar. Dördüncü namizəd - Məmləkət Partiyasının sədri Muharrem İncə seçkilərə üç gün qalmış namizədliyini geri götürüb.

    Əgər prezident seçkilərinin ilk turunda namizədlərin heç biri 50 faizdən çox səs toplaya bilməsə, mayın 28-də səsvermənin ikinci turu keçiriləcək. Xatırladaq ki, 2018-ci ildə keçirilən öncəki seçkilərdə 52,6 faiz səslə Rəcəb Tayyib Ərdoğan qalib gəlmişdi.

    Mayın 14-də, həmçinin Türkiyə Böyük Millət Məclisinə 87 seçki dairəsində 600 millət vəkili seçiləcək. Seçkilərdə 24 partiya və 151 müstəqil namizəd iştirak edir.