
İran şəhərlərində havanın temperaturu 40 dərəcəni keçdiyi üçün ciddi su və elektrik çatışmazlığı vətəndaşların həyatını çətinləşdirib.
Müxtəlif əyalətlərdə fəaliyyətlər dayandırılıb, bir sıra şəhərlərdə ofislər ya iş saatlarını azaldıb, ya da uzaqdan işləyir.
Su və Kanalizasiya İdarəsi bildirib ki, İranın əksər əyalətləri su problemi ilə üzləşib. Tehranda ultrabənövşəyi şüalanma təhlükəli həddə çatıb və vətəndaşlardan istilərin pik saatlarında evdə qalmaları xahiş olunub.
Prezident Məsud Pezeşkian deyib ki, “keçmiş səhv qərarlar” ölkəni su böhranı səviyyəsinə gətirib çıxarıb. O, "dəqiq qiymətləndirmələr su ehtiyatlarının tükəndiyini göstərir" deyib.
İran Prezidenti həmçinin deyib ki, Tehran su ehtiyatlarının ciddi şəkildə azalması ilə üz-üzədir və ehtiyatlar “narahatedici” vəziyyətdədir.
Meteorologiya Təşkilatının məlumatına görə, Xuzistan və İlamda maksimal temperatur 50 dərəcəyə çatıb, Buşehr, Hörmüzqan, Kirman, Sistan və Bəluçistanda da temperatur 45 və 48 dərəcəni keçib. Tehran vilayətinin Baş Meteorologiya İdarəsi çərşənbə günü yeni isti dalğası ilə bağlı sarı səviyyəli xəbərdarlıq edib.