Gürcüstanda üçüncü gündür etirazlar davam edir
Tbilisidə parlament binası yaxınlığında “Xarici agentlər haqqında” qanun layihəsinə qarşı aksiya gedir
Minlərlə Gürcüstan vətəndaşı Tbilisidə parlament binası yaxınlığında “xarici agentlər haqqında” qanun layihəsinə qarşı aksiya keçirir.
Etirazçılar parlamentin əsas girişinin yerləşdiyi Rustaveli prospektində səhnə qurublar. Prospekt bağlanıb. Mitinqdə ağır polis qüvvələri fəaliyyət göstərir. Xüsusi texnika, o cümlədən su şırnaqları mitinqin episentrindən 200 metr aralıda, Azadlıq meydanında yerləşdirilib.
Çərşənbə günü Gürcüstan parlamenti plenar iclasda prezident Salome Zurabişvilinin, müxalifətin və Qərb diplomatlarının etiraz etdiyi “xarici agentlər haqqında” qanun layihəsini birinci oxunuşda təsdiqləyib.