İranın bibər yükündə 25 kq-dan çox marixuana aşkarlanıb
DGK xəbər verir
Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində növbəti dəfə külli miqdarda narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Bu barədə Dövlət Gömrük Komitəsi xəbər verir.
Belə ki, “Astara” gömrük postunda Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına “bibər” yükü aparan nəqliyyat vasitəsi, stasionar rentgen qurğusu və kinoloji xidmət itinin tətbiqi ilə əsaslı yoxlamaya cəlb edilib.
Yoxlama zamanı bibər yüklü yeşiklərin alt hissəsindən üzərləri bibərlə örtülərək gömrük nəzarətindən gizlədilən dördbucaqlı formalı 55 ədəd bağlamada xalis təmiz çəkisi 25 kiloqram 75 qram narkotik vasitə - qurudulmuş marixuana aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.