BLOQ

İranın xarici siyasətini kim müəyyən edir?

III hissə

İranın xarici siyasətini kim müəyyən edir?
  • Oxuma müddəti:

    4 dəqiqə

  • Diplomatiya işləyir?
    Yanvarın 24-də İranın Azərbaycandakı səfiri Abbas Musəvi Twitter hesabında “Diplomatiya işləyir!” ifadəsi ilə Daşkənddə Azərbaycan və İran Xarici İşlər nazirlərinin, Bakıda isə özünün Hikmət Hacıyevlə görüşündən şəkillər paylaşdı. Bundan cəmi üç gün sonra Azərbaycanın Tehrandakı səfirliyinə qarşı terror hücumu baş verir. Hücum iki ölkə arasında münasibətlərə böyük zərbə vurdu.  Hücum ardıcıl olaraq bir neçə ay davam edən anti-Azərbaycan təbliğatı fonunda, və xeyli dərəcədə onun nəticəsi olaraq baş verdi. Belə şəraitdə İran səfirinin tvitinin sonuna “?” işarəsi qoymaq məqsədəuyğundur: “Diplomatiya işləyir?” 
     
    Son 2 ayın xronologiyası
    - 2022-ci il dekabrın 1-də Sepaha bağlı sosial şəbəkə hesabları “Qüds yolu hardan keçir?” sualı ilə video yaydılar. Həmin videoda Tehrandan Əl-Əqsa məscidinə yönələn xətt əvvəlcə Azərbaycanın paytaxtı Bakıdan keçir, ora İran bayrağını sancdıqdan sonra isə Qüdsə doğru uzanır.
     
    - Dekabrın 7-də Sepahın baş komandanının müavini general Əli Fədəvi özünün Twitter hesabında bunları yazmışdır: “Azərbaycan Qacar şahlarının fərasətsizliyi ucbatından İrandan ayrılıb. Azərbaycan əhalisi etiqadlı şiələrdir və 70 illik kommunist hakimiyyətinin təzyiqləri altında belə, öz təmiz şiə inancını əldən verməyib. Əslində orada elə bir  hakimiyyət olmalıdır ki, Azərbaycanda əksəriyyəti təşkil edən bu şiələrə xüsusi diqqət yetirsin”. Yəni Sepah generalı faktiki olaraq Azərbaycanda dövlət quruluşunun dəyişdirilməsinə və İransayağı dini hakimiyyətin qurulmasına çağırış etmişdi.
     
    - Dekabrın 30-da Sepahın Xatəmül-ənbiya qərargahının komandanı general Qulaməli Rəşid bir açıqlamasında Azərbaycanı nəzərdə tutaraq deyib: “İranın milli təhlükəsizliyini təhdid etmək üçün İsraillə əməkdaşlıq edən, sionist rejimin ixtiyarına baza və məkan verən hər bir ölkə bizim silahlı qüvvələrimizin hədəfinə çevriləcək”.
     
    - 2023-cü ilin ilk günündə, yəni yanvarın 1-də Sepah Azərbaycanı təhdid edən başqa bir video yaydı. Yeni videoda üzərinə “Qüdsə doğru, irəli!” sözləri yazılmış bayraq əlində tutan gəncin arxasınca bir dəstə hərbi geyimli şəxs Xudafərin körpüsünü keçərək Azərbaycan ərazisinə daxil olur.
     
    - Yanvarın 4-də Qasım Süleymaninin ölümünün ildönümü münasibətilə keçirilən bir tədbirdə çıxış edən Sepah generalı Əlirza Tənhayi deyib: “Azərbaycan rəhbərliyi Ukraynanın düşdüyü vəziyyətdən ibrət götürməli, Amerika və Avropanın Ukrayna xalqının başına nə bəla gətirdiyini görməlidir. Həm də yaxşı olar ki, Səddam Hüseynin səhvini də təkrar etməsin”.
     
    - Nəhayət, yanvarın 6-da Sepah daha bir video yayaraq Xudafərin körpüsü fonunda əllərində İran bayrağı tutmuş uşaqların dili ilə Azərbaycanı hədələmişdi.
     
    Əlavə olaraq bu iki ay ərzində Sepahın yetişdirdiyi ekspertlərin və ona məxsus medianın Azərbaycana qarşı iftira dolu gündəlik şərh və açıqlamalarını da nümunə çəkmək olar.
     
    Onillik retrospektiv
    Xatırladaq ki, 2011-2012-ci illərdə İran-Azərbaycan münasibətlərində ciddi gərginlik yaşananda İran ali rəhbərinin əyalətlərdəki rəsmi təmsilçiləri sayılan imam-cümələr, durmadan bu mövzuda xütbələr edirdilər. İmam-cümələr Azərbaycanı İrana qarşı İsraillə əlbir olmaqda və digər uydurma “günahlarda” ittiham edirdilər. Sonradan İran Ali Milli Təhlükəsizlik Şurasının qərarı ilə imam-cümələrə xarici siyasət haqqında danışmaq yasaq edildi. Əgər İran hakimiyyəti dünya ilə, xüsusən qonşu ölkələrlə normal münasibətlər saxlamaq istəyirsə, görünür, Sepahla bağlı da analoji qərar çıxarılmalıdır. Əks təqdirdə, xarici siyasətinin kim tərəfindən müəyyən edildiyi tam aydın olmayan İrana qarşı, Azərbaycan XİN rəsmisinin sözləri ilə desək, heç bir dövlətin etibarı və etimadı olmayacaq.