Prezident Rəisini doğulduğu Məşhəddə dəfn edəcəklər
İran KİV-ləri xəbər yayıb YENİLƏNİR FOTO/VIDEO
15:36
"Fars" xəbər agentliyinin verdiyi məlumata görə, helikopter qəzasında həlak olan İran Prezidenti İbrahim Rəisinin cənazəsi çərşənbə axşamı Təbrizdən doğulduğu Məşhəd şəhərinə gətiriləcək.
***
12:34
İran Prezidenti Seyd İbrahim Rəisi və onu müşayiət edənlərin dəfn mərasimi mayın 21-də Təbriz şəhərində keçiriləcək.
Bu barədə "Mehr" agentliyi məlumat yayıb.
Ölkədə 5 günlük matəm elan edilib.
Qeyd edək ki, bazar günü İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğraması nəticəsində azı 8 nəfər həlak olub. Helikopterin göyərtəsində onunla yanaşı, xarici işlər naziri Hüseyin Əmir Abdullahiyan, Şərqi Azərbaycan əyalətinin qubernatoru Malik Rahmati və Təbriz şəhərinin cümə imamı Məhəmməd Ali əl-Haşim və İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Mehdi Musəvi də olub.
***
12:07
İran Prezidenti ilə helikopter qəzasından sonra həlak olanların cəsədlərinin ilk görüntüləri yayılıb.
"Nəsr" müxbirinin verdiyi məlumata görə, Prezident helikopterindəki bütün sərnişinlər həlak olub.
Xatırladaq ki, helikopterdə Prezident, İran Xarici İşlər Nazirliyinin rəhbəri, Şərqi Azərbaycan əyalətinin qubernatoru və imamı olub.
***
10:22
İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğraması nəticəsində həlak olanların meyitləri Təbrizə göndərilib. VIDEO
Bu barədə Qızıl Aypara məlumat yayıb.
Axtarış əməliyyatlarının başa çatdığı bildirilir.
***
10:17
İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğraması nəticəsində azı 8 nəfər həlak olub.
Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Məlumata görə, helikopterin göyərtəsində xarici işlər naziri Hüseyin Əmir Abdullahiyan, Şərqi Azərbaycan əyalətinin qubernatoru Malik Rahmati və Təbriz şəhərinin cümə imamı Məhəmməd Ali əl-Haşim, İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Mehdi Musəvi də olub.
Ekipajda iki pilot və bir texniki işçi olub, onların adları açıqlanmır.
Bundan əvvəl İranın vitse-prezidenti Möhsün Mənsuri İbrahim Rəisinin və onun nümayəndə heyətinin helikopter qəzasında həlak olması ilə bağlı xəbərləri təsdiqləyib.
O da məlum olub ki, qəza nəticəsində həlak olanların cəsədlərinin tanınması prosesinə başlanılıb.
***
09:24
İran Prezidenti İbrahim Rəisinin bu ölkənin şimal-qərbində qəzaya uğraması nəticəsində həlak olanların cəsədlərinin şəxsiyyətinin müəyyən edilməsi proseduruna başlanılıb.
Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Bildirilib ki, qəza yerində cəsədlərin tanınması istiqamətində işlər aparılır.
Xatırladaq ki, daha əvvəl İran Prezidenti İbrahim Rəisinin helikopterində olan bütün sərnişinlər və ekipaj üzvlərinin qəza nəticəsində həlak olduğu barədə məlumat verilmişdi.
***
08:26
İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti helikopter qəzasında həyatını itirib.
Bu barədə İranın Mehr Agentliyi xəbər verib.
"Tasnim" Agentliyi isə yazıb ki, İran Prezidentini daşıyan helikopterin qəzaya uğraması nəticəsində ölənlərin hamısının cəsədlərinin müəyyən edilməsi istiqamətində səylər davam etdirilir.
Prezident Rəisi bazar günü helikopterlə İran-Azərbaycan sərhədində bəndin açılış mərasimində iştirak edib.
İran dövlət televiziyası qəzanın Rəisiyə məxsus helikopterin bölgədən qayıdarkən sərt eniş etməsi nəticəsində baş verdiyini bildirib.
Helikopterdə prezidentlə birlikdə xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan, Təbrizin imam cüməsi Ayətullah Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti də olub.
Axtarış-xilasetmə qrupları əlverişsiz hava şəraiti səbəbindən işlərin çətinliklə davam etdirib.
Daha sonra Türkiyənin AKINCI pilotsuz uçuş aparatı axtarışlara cəlb edilib.
Qəzaya uğramış helikopterin qalıqları yanmış vəziyyətdə aşkarlanıb.
Artıq İranın rəsmi media orqanları öz loqolarını matəm əlaməti olaraq qara rəngə boyayıblar.
***
07:33
Xilasedicilər İran Prezidenti İbrahim Rəisinin qəzaya uğramış helikopterini tapıblar. Bu barədə İran mediası yazır.
İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kolivənd bildirib ki, axtarış-xilasetmə qrupları qəza yerinə gəlib.
İlk foto, ehtimal ki, qəza yerindən, internetdə də görünüb. Təyyarə Taval kəndindən 30 kilometr aralıda aşkar edilib. İlkin məlumata görə, helikopter dağa düşüb və yanıb.
"Reuters" agentliyi mənbəyə istinadən xəbər verib ki, təyyarədə olan bütün insanlar ölü sayılır.
Hələlik məlumatın rəsmi təsdiqi yoxdur.
Lakin İran rəsmisi bazar ertəsi axtarış qrupları dağıntıları aşkarladıqdan sonra deyib ki, İran Prezidenti İbrahim Rəisi və xarici işlər nazirinin dağlıq ərazidə və buzlu havada helikopter qəzasından sağ çıxması ilə bağlı ümidlər azalır.
Xatırladaq ki, İran Prezidentinin və xarici işlər nazirinin də olduğu helikopter dünən qəzaya uğrayıb.