XƏBƏRLƏR / Qonşular

Kəlalə-Ağbənd körpüsünün tikintisi nə vaxt tamamlanacaq?

İranın ölkəmizdəki səfiri Müctəba Dəmirçilu bu barədə danışıb

Kəlalə-Ağbənd körpüsünün tikintisi nə vaxt tamamlanacaq?
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Azərbaycan ilə İran arasında nəqliyyat və tranzit sahəsində əlaqələrin inkişafı istiqamətində atılan addımların nəticəsi olaraq tikintisi davam edən və strateji əhəmiyyət daşıyan Kəlalə-Ağbənd körpüsü bu ilin sonuna qədər tamamlanacaq. Digər infrastruktur işləri başa çatdıqdan sonra gələn ilin mart ayında istifadəyə verilməsi gözlənilir.

    Bu sözləri AZƏRTAC-a müsahibəsində İranın ölkəmizdəki səfiri Müctəba Dəmirçilu deyib.

    O bildirib ki, ərazidə gömrük və sərhəd xidmətləri üçün infrastruktur və inzibati binalar hazır olduqdan sonra Azərbaycan ilə İran arasında yeni sərhəd-keçid məntəqəsi açılacaq. Bu məntəqə hər iki dövlətin regionları arasındakı iqtisadi-ticarət əlaqələrinin inkişafına təkan verəcək.

    Səfir diqqətə çatdırıb ki, İran ilə Azərbaycan Şimal Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin (ŞCBND) formalaşması istiqamətində də əməkdaşlıq əlaqələrini davam etdirirlər. Qəzvin-Rəşt-Astara dəmir yolunun Qəzvin-Rəşt hissəsi artıq istismara verilib. Rəşt-Astara hissəsində isə işlər davam edir və başa çatdıqdan sonra İran və Azərbaycan üzərindən yükdaşımalar asanlaşacaq. Hələlik yüklər Astaradakı yük terminalına avtomobillərlə gətirilərək burada qatara yüklənir və İranın digər bölgələrinə daşınır. Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolunun tikintisi başa çatdıqdan sonra yüklər birbaşa Azərbaycan üzərindən İrana və əks istiqamətə daşınacaq.

    Diplomat onu da vurğulayıb ki, İranın Çabahar limanı ŞCBND-nin inkişafında mühüm rol oynayır. Çabahar-Zahedan dəmir yolunun Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yoluna birləşməsi ilə gələcəkdə Hindistan və digər Cənub Şərqi Asiya ölkələrindən bu limana daxil olan yüklərin daşınması həyata keçiriləcək.

    Digər bir istiqamət isə Bəndər-Abbas limanıdır. Bu liman Rusiya və Azərbaycanın Körfəz ölkələrinə çıxışını təmin edəcək. Rusiya və Azərbaycandan Körfəz ölkələrinə nəql olunan yüklər Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu ilə Bəndər Abbas limanına gətirilərək, buradan da Körfəz ölkələrinə daşınacaq. Hazırda bu istiqamətdə işlər aparılır.