Kreml Putinin seçki hazırlığına başlayıb
Bu barədə “Kommersant” nəşri öz mənbələrinə istinadən yazıb
Kremlin daxili siyasi bloku 2024-cü ildə keçiriləcək prezident seçkilərində Vladimir Putinin iştirak edəcəyini əsas götürərək hazırlığa başlayıb. Bu barədə “Kommersant” nəşri öz mənbələrinə istinadən yazıb. Qeyd olunur ki, Rusiya Prezident Administrasiyasının daxili siyasi blokunun nümayəndələri müxtəlif seçki ssenariləri hazırlamağa başlayıblar. Bu ssenarilərdə seçki kampaniyasının 2024-cü ildə plana uyğun gedəcəyindən və Vladimir Putinin də prosesdə iştirakından çıxış edilir. Nəşr qeyd edir ki, bu çərçivədə son vaxtlar ekspertlərlə seçki prosesi müzakirə olunub. Rusiyada prezidentlik kampaniyası öncəsi son regional seçkilər 2023-cü ilin sentyabrına təyin edilib və “Kommersant”ın həmsöhbətinin qeyd etdiyi kimi, kifayət qədər böyük sayda ərazi təsirlənəcək. Bu o deməkdir ki, onlar üzərində həm texnoloji, həm də məzmunlu ideyalar sınaqdan keçirilə bilər ki, bu da 2024-cü ildə tətbiq olunacaq.
Plana görə, Rusiya Federasiyasında növbəti prezident seçkiləri 2024-cü il martın 17-də keçirilməlidir. Seçki kampaniyası Federasiya Şurası tərəfindən 2023-cü ilin dekabrında başlayacaq.
Vladimir Putin 2000, 2004, 2012 və 2018-ci illərdə Rusiya prezidenti seçilib.
2012-ci il seçkilərindən əvvəl prezidentlik müddəti 4 ildən 6 ilə uzadılıb. 2020-ci ildə Rusiya Federasiyasının Konstitusiyasına dəyişikliklərin qəbulundan sonra Putin, 2024-cü il prezident seçkilərində namizəd kimi iştirak etmək hüququ əldə edib.