Kremlə zərbəçi PUA-lar hücum edib YENİLƏNİB
Rusiya prezidentinin mətbuat xidməti Ukraynanı günahlandırır. Rəsmi Kiyev təkzib edir
Rusiya Prezidentinin mətbuat xiddməti PUA hücumu ilə bağlı açıqlama verib. Açıqlamada deyilir: "Kiyev Kremlə pilotsuz təyyarələrlə zərbə endirmək cəhdi edib, lakin hücum uğurla dəf edilib, Rusiya Federasiyası prezidentinin mətbuat xidməti məlumat yayıb.
Kreml Kiyev rejiminin hücum cəhdini Qələbə Günü ərəfəsində planlaşdırılan terror aktı və Rusiya Federasiyası Prezidentinin həyatına qəsd kimi qiymətləndirir.
Rusiya ordusu və kəşfiyyat orqanları Kremlə hücum edən iki pilotsuz təyyarəni sıradan çıxarıb, xəsarət alan olmayıb.
Rusiya lazım bildiyi yerdə və nə vaxt Kremlə zərbə endirmək cəhdinə cavab vermək hüququnu özündə saxlayır."
Qeyd edək ki, rəsmi Moskva indiyədək ölkədə baş verən partlayışları, yanğınları və PUA hücumlarını bədbəxt hadisə kimi səciyələndirirdi və heç vaxt Ukrayna ilə əlaqələndirmirdi.
Ukrayna Prezidenti Volodimir Zelenskinin mətbuat katibi Sergi Nikiforov bəyan edib ki, "Ukraynanın Kremlə hücumda əli yoxdur."
"Bizdə Kremlə qondarma gecə hücumları barədə heç bir məlumat yoxdur, lakin prezident Zelenskinin dəfələrlə qeyd etdiyi kimi, Ukrayna bütün mövcud qüvvə və vasitələrini öz ərazilərini azad etməyə yönəldir, başqalarına hücum etməyə yox”, - Nikiforov deyib.
Sosial şəbəkə istifadəçiləri PUA hücumu vaxtı 2 nəfərin kümbəzə qalxmağına diqqəti cəlb edirlər və bununla da hadisənin qurama olduğu versiyasını irəli sürürlər.