XƏBƏRLƏR / İctimaiyyət

İtkin şəxslərdən 253 nəfəri Ermənistanda saxlanılıb

Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu və Baş Prokurorluğun səlahiyyətli nümayəndələri bəyan edib

İtkin şəxslərdən 253 nəfəri Ermənistanda saxlanılıb
  • Oxuma müddəti:

    8 dəqiqə

  • 14:18

    “Birinci Qarabağ müharibəsində itkin düşən şəxslərdən 872 nəfərin əsir götürülməsi bizə məlum idi”.

    Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının brifinqində İşçi qrupun rəhbərinin müavini Eldar Səmədov deyib.

    Onun sözlərinə görə, bunu hadisə şahidlərinin, əsirlikdən qayıdan vətəndaşların məlumatı təsdiq edir.

    “Səhv etmirəmsə, onlardan 253 nəfəri Ermənistanda saxlanılırmış. Birinci Qarabağ müharibəsindən sonra beynəlxalq təşkilatlar vasitəsilə onların taleyi ilə bağlı məlumat tələb etmişik.

    Ermənistan tərəfinin aidiyyəti qurumu ilə bununla bağlı işləməyə hazırıq”, - deyə o əlavə edib.

    ***

    12:52

    27 aprel 2024-cü il tarixə ümumilikdə azad edilmiş ərazilərdən ən azı 600 nəfərə aid insan qalığı müəyyən edilib.

    Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının kütləvi informasiya vasitələri üçün brifinqində Baş Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin rəis müavini - Kriminalistika şöbəsinin rəisi Orxan Rzayev deyib.

    Orxan Rzayev bildirib ki, onlardan 124-ü 2022-ci ildə, 133-ü 2023-cü ildə, 48-i isə 2024-cü ildə aşkar edilib: “İstintaq zamanı genetik profilləri çıxarılaraq məlumat bankına yerləşdirilməsi və itkin düşmüş şəxslərin ailə üzvlərindən götürülmüş bioloji nümunələrdən çıxarılan genetik profillərlə eyniləşdirmə aparılması, habelə təqdim edilən sümüklərin insana aid olub-olmaması, neçə şəxsə mənsub olması, ölümün səbəbi və sair sualların aydınlaşdırılması üçün 362 məhkəmə tibbi-kriminalistik ekspertizası və Ermənistan tərəfindən Şuşa və Xankəndi şəhərlərində təhvil verilmiş meyit qalıqları üzrə 54 (1-i 2024-cü ildə), işğaldan azad edilmiş ərazilərdə aşkar edilmiş meyit qalıqları üzrə 71 (20-i 2023-cü ildə, 3-ü isə 2024-cü ildə), ölkə ərazisindəki naməlum şəhid məzarlıqlarında dəfn edilmiş şəxslərin meyit qalıqları üzrə 193 (1-i 2023-cü ildə, 8-i isə 2024-cü ildə) olmaqla, ümumilikdə 318 (21-i 2023-cü ildə, 12-i isə 2024-cü ildə) məhkəmə molekulyar-genetik ekspertizası təyin edilib. Onlardan 252 məhkəmə tibbi-kriminalistik və 23 məhkəmə molekulyar-genetik ekspertizalarının rəyləri tərtib edilərək, istintaq orqanına təqdim edilib”.

    O qeyd edib ki, insan qalıqlarının aşkar olunması ilə bağlı bir neçə istiqamət var: “Orada bərpa işləri həyata keçirilir. Bu zaman aşkar olunan insan qalıqları ilə bağlı koordinasiyalı şəkildə yaradılmış qrup hadisə yerinə ezam olunur, insan qalıqları aşkar edilir, daha sonra şəxsiyyəti müəyyənləşdirilməsi üçün işlər həyaya keçirilir. Xocalı rayonu ərazisində tikinti işləri zamanı 3 kütləvi məzarlıq aşkar edilib”.

    ***

    12:33

    11 mindən artıq itkin ailəsindən bioloji nümunə götürülüb.

    Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının kütləvi informasiya vasitələri üçün brifinqində Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.

    O bildirib ki, Vətən müharibəsində əldə edilmiş Böyük Zəfərdən sonra itkin düşmüş vətəndaşlarımızın taleyinin aydınlaşdırılması işlərinə başlanıb: “Azad olunmuş ərazilərdə qazıntı işləri aparılır və bununla bağlı ictimaiyyətə məlumat verilir. Azərbaycanda ən böyük itkin ailəsi Dövlət Komissiyasıdır. Dövlət Komissiyası itkin düşmüş bütün vətəndaşlarımızın taleyinin aydınlaşdırılması üçün səylərini davam etdirəcək. Bu sahədə BQXK Dövlət Komissiyasına yaxından dəstək verir. 73 nəfər itkinimiz barədə bu gün ictimaiyyətə məlumat veriləcək. 73 nəfər iki istiqamət üzrə müəyyən olunub. Biri respublikanın ayrı-ayrı şəhər və rayonlarında tanınmadan dəfn edilən naməlum məzarlardan çıxan meyit qalıqlarıdır. Bakıda Şəhidlər xiyabanında 13 nəfər tanınmadan dəfn edilib. Ağdam rayonu Sarıcalı kəndi üzrə 3 nəfərin şəxsiyyəti eyniləşdirilib. Gəncə şəhəri Şəhidlər Xiyabanında olan naməlum məzarlarda basdırılmış 22 nəfərin şəxsiyyəti müəyyənləşib. Tərtər rayon Şəhidlər xiyabanında 13 nəfərin şəxsiyyəti eyniləşdirilib. Xocavənd rayonunun Edilli kəndində aşkar olunan kütləvi məzarlıqdan çıxan meyit qalıqlarından 4 nəfərin, Şuşa rayonu Daşaltı kəndi üzrə 2 nəfərin şəxsiyyəti müəyyənləşidirilib”.

    Beyləqanın Peyğəmbəri qəbiristanlığında basdırılmış və artıq şəxsiyyəti müəyyənləşdirilmiş 10 nəfərin, Edilli, Daşaltı və Sarıcalı kəndlərində kütləvi məzarlıqlarda aşkarlanmış 9 nəfərin qalıqları həmin ərazidən götürülüb. Eldar Səmədov deyib ki, ilkin olaraq onların ailəsinə təhvil verilməsi prosesi həyata keçiriləcək: “Daha sonra naməlum məzarlardan tapılan meyit qalıqları ailələrinə təhvil veriləcək”.

    ***

    12:31

    Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının brifinqi keçirilir.

    Brifinqdə işğaldan azad edilmiş ərazilərdə aşkar edilmiş kütləvi məzarlıqlar və itkin düşmüş şəxslərə aid olduğu ehtimal edilən meyit qalıqlarının ekshumasiyası və eyniləşdirilməsi prosesləri barədə məlumatlar verilir.

    Brifinqdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun və Baş Prokurorluğun səlahiyyətli nümayəndələri iştirak edirlər.

    Qeyd edək ki, Xocalının Malıbəyli kəndində ən azı 8 nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.

    Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında (Dövlət Komissiyası) təmsil olunan qurumların, o cümlədən Baş Prokurorluq, Dövlət Komissiyasının İşçi qrupu, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi, Fövqəladə Hallar Nazirliyi, ANAMA və Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitunun peşəkar mütəxəssis heyəti əraziyə ezam ediliblər.

    İlkin araşdırma zamanı məlum olub ki, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq və abadlıq işləri zamanı Xocalı rayonunun Malıbəyli kəndi ərazisində (1988-ci ildə yeni salınmış “Məhəllə” adlanan ərazi) torpaq səthi üzərində insan qalıqları aşkar olunub.

    Keçirilən baxış istintaq hərəkəti zamanı qazıntı işləri aparılarkən ən azı 8 nəfərə (biri azyaşlı olmaqla) aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.

    Hazırda ərazidə olan insan qalıqlarının tam aşkar edilməsi istiqamətində işlər davam etdirilməklə, sümük fraqmentləri üzrə zərərçəkmişlərin şəxsiyyətinin, onların torpaqda qalma müddətinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibb ekspertləri və mütəxəssislərin iştirakı ilə baxış davam etdirilir, eləcə də digər zəruri prosessual hərəkətlər icra edilir.

    Xatırladaq ki, Xocalı şəhəri ərazisində qazıntılar zamanı kütləvi məzarlıqda 21 nəfərin, daha sonra isə Xocalı rayonunun Malıbəyli kəndində 8 nəfərin qalıqları aşkar olunub.