Laçın-Xankəndi yolundakı aksiyanın 120-ci günüdür
Ekoaksiyanın keçirildiyi ərazi humanitar məqsədlərlə istifadə olunan avtomobillərin keçidi üçün tam açıqdır
Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü gənclər və ekofəallar Laçın-Xankəndi yolunda dinc etiraz aksiyasını davam etdirirlər.
Aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdirib, səhər saatlarında hər zaman olduğu kimi, Azərbaycanın Dövlət Himnini səsləndiriblər.
120 gündür fasiləsiz davam ekoaksiyada şüarlar və tələblər dəyişməyib. Aksiya iştirakçıları Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması ilə bağlı Azərbaycan, rus və ingilis dillərində mütəmadi olaraq plakatlar qaldırır, “Azərbaycan milləti qoruyacaq sərvəti!”, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekocinayətə son!” kimi şüarlar səsləndirirlər.
Ekoaksiyanın keçirildiyi ərazi humanitar məqsədlərlə istifadə olunan avtomobillərin keçidi üçün tam açıqdır.
Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparıglmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.