BLOQ

Lao Tzı hara getdi?

İnsan qocalır, institut niyə qocalır?

Lao Tzı hara getdi?
  • Oxuma müddəti:

    16 dəqiqə

  • Sentyabrın 11-də Azərbaycan Kinematoqrafçılar İttifaqına yeni sədr seçildi. Daha doğrusu, Azərbaycan kinosunun çox məşhur və hörmətli aktrisalarından biri Şəfiqə Məmmədova 81 yaşında bu vəzifəni öz üzərinə götürdü. Seçkidə 206 nəfər iştirak etdi və Şəfiqə xanım səs çoxluğu ilə qalib gəldi. 81 yaşında da çox sevilən aktrisanın üzərinə bütöv bir peşə cameəsinin qayğısını götürməsi, iclaslara gəlməsi, sənədlərə baxması, insanlarla görüşməsi və onların problemlərini dinləməsi böyük yükdür.

    Lakin Şəfiqə xanım müdrik yaşına hörmətlə çatan və ittifaq sədri seçilən yeganə soydaşımız deyil. Azərbaycan Yazıçılar Birliyinin sədri Anar — 88 yaşındadır, Teatr Xadimləri İttifaqının sədri Hacı İsmayılov — 82, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov — 80, ən cavanları isə Bəstəkarlar İttifaqının sədri Firəngiz xanım Əlizadə — 79 yaşındadır. Anar və Fərhad Xəlilov 1987-ci ildən öz yaradıcı qurumlarına rəhbərlik edirlərsə, Firəngiz Əlizadə 2007-ci ildən, Şəfiqə Məmmədova 2012-ci ildən, Hacı İsmayılov isə 2024-cü ildə ittifaqın sədri seçilib.

    Bu mənzərəyə baxıb “Azərbaycan mədəniyyətini qocalar idarə edir” demək çox asandır. Amma məncə, bu ifadə həm çox asan, həm də ədalətsiz nəticə olar. İnsan 80 yaşında da kitab yaza bilər, 90 yaşında rəsm çəkə bilər, 100 yaşında film çəkə bilər. Sənətin pensiya yaşı yoxdur. Verdi “Falstaff”ı 79 yaşında yazmışdı, Pikasso 91 yaşına qədər işləyirdi, Manoel de Oliveira 100 yaşından sonra da film çəkirdi.
    Deməli, məsələ yaş deyil. Problem maestroların qocalması deyil. Problem institutların onlarla birlikdə qocalmasıdır.

    1932

    Ümumiyyətlə, ittifaq nədir və hardan gəlib? Hər şey 23 aprel 1932-ci ildə Ümumittifaq Kommunist Partiyası Mərkəzi Komitəsinin “Ədəbi-bədii təşkilatların yenidən qurulması haqqında” qərarından başladı. Mövcud xırda yaradıcı birliklər ləğv edildi və onların yerinə vahid, mərkəzləşdirilmiş yaradıcı ittifaqlar sistemi formalaşdırıldı: ədəbiyyatda Yazıçılar İttifaqı, musiqidə Bəstəkarlar İttifaqı, sonra rəssamlar, memarlar, kinematoqrafçılar və digərləri.

    Bu sistemi yalnız senzura aləti kimi təqdim etmək məsələnin yarısını görmək olardı. O öz dövrünün idarəetmə məntiqinə görə son dərəcə funksional idi. Çünki Sovet dövlətində müstəqil mədəniyyət bazarı demək olar yox idi. Hər şey dövlətin idi -  nəşriyyat, kinostudiya, teatr və konsert sistemi vardı. Dövlət sifarişi, dövlət tirajı, dövlət istehsalı vardı. Belə sistemdə yaradıcı ittifaqların həqiqi çəkisi var idi. Onlar yazıçının çap olunmasına, rəssamın sifariş və emalatxana almasına, bəstəkarın əsərinin səsləndirilməsinə, yaradıcı adamın statusuna və maddi imkanlarına təsir göstərə bilirdilər.

    Amma bu gücün başqa üzü də vardı. Sistem yaradıcı insanı yalnız təşkil etmirdi — onu “doğru” və “yanlış”, “faydalı” və “zərərli” olaraq ayırmaq imkanına malik idi. Bunun son nəticəsi bəzən əsərin çap olunmaması, bəzən peşədən və yaradıcı mühitdən kənarlaşdırılmaq, bəzən isə repressiya maşınının əlinə düşmək olurdu.
    Azərbaycan bu sistemə çox ağır bədəl ödədi. Mikayıl Müşfiq 29 yaşında güllələndi. Hüseyn Cavid sürgündə öldü. Əhməd Cavad, Salman Mümtaz, mənim əmim Çingiz Mustafayev (sonradan bu adı daşıyacaq Milli Qəhrəmanın adının mənbəyi) və onunla Azərbaycanı yenidən müstəqil etməyə çalışan 12 yoldaşı 1941-ci ildə repressiyaya məruz qaldı.və başqa görkəmli ziyalılar repressiyaların qurbanı oldu, ölkənin elm və mədəniyyətinə ağır zərbə vuruldu. Və bu təkcə Azərbaycanda deyil, Rusiyanın özündə də mənzərə fərqli deyildi. Osip Mandelştam, İsaak Babel və böyük teatr reformatoru Vsevolod Meyerhold bu illərdə həlak oldular. Bunların hamısını “yaradıcı ittifaqlar öldürdü” demək tarixən düzgün olmazdı. Onları dövlət repressiya maşını məhv etdi. Amma yaradıcı ittifaqlar həmin maşının mədəniyyət sahəsində işlədiyi institusional mühitin bir hissəsi idi. Yəni, bir sözlə, Sovet sistemində bu institutların nə üçün lazım olduğu aydın idi.

    QAPI İNDİ HARADADIR?

    İndi 2026-cı ildir. Mən film çəkirəm. Bunun üçün Kinematoqrafçılar İttifaqından icazə almıram. Heç vaxt da almamışam. Çəkdiyim filmlərə görə ittifaq mənə kamera verməyib, operator tapmayıb, aktyor seçməyib, distribusiya qurmayıb. Və açığı, buna ehtiyacım da olmayıb. 

    Bu yalnız kino ilə bağlı deyil. Bu gün yazıçı kitab, musiqiçi mahnısını yazmaq üçün, rəssam əsər yaratmaq üçün İttifaqdan razılıq gözləmir. Bəstəkar musiqisini həmin axşam internet vasitəsilə Tokioda, Berlində, Nyu-Yorkda "Amazon Music" və ya "Spotify" vasitəsi ilə dinlədə və sata bilər. Rəssam Bakıdakı emalatxanasından "Artfinder" və ya "Etsy" vasitəsi ilə Londondakı alıcıya əsər sata bilər. Rejissor telefonla film çəkib "Youtube" vasitəsi ilə milyonlarla tamaşaçıya çata bilər. Yazıçı heç bir birliyin qapısını döymədən kitabını dünyanın yarısına "Apple Books" və ya "Barnes&Noble" platformaları vasitəsi ilə sata bilər.
    1932-ci ildə yaradılmış mədəniyyət dünyası ilə 2026-cı ilin dünyası arasında artıq sadəcə zaman fərqi deyil - sistemin özü dəyişib. Bir vaxtlar yaradıcı insanla dünya arasında qapı olan institutların qarşısında indi heç bir qapı yoxdur. Ay kişi, artıq heç  divar qalmayıb.

    BƏS BİZ NİYƏ ONLARI SAXLADIQ?

    Bu sual Azərbaycan üçün xüsusilə maraqlıdır. Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı 1920-ci ilin aprel hadisələrini Rusiyanın Azərbaycanı işğal etməsi kimi qiymətləndirir. Biz həmin siyasi sistemdən imtina etdik. Dövlət müstəqilliyimizi bərpa etdik. Amma həmin sistemin mədəniyyəti təşkil etmək üçün yaratdığı institutları demək olar dəyişmədən saxladıq.

    Burada “Sovetdən qalan hər şeyi dağıtmaq lazımdır” kimi primitiv fikir söyləmirəm. Bir institutun Sovet dövründə yaranması onun avtomatik olaraq yararsız olması demək deyil. Sual onun mənşəyində yox, funksiyasındadır. Əgər konkret qurum konkret idarəetmə məqsədi üçün yaradılıbsa və həmin məqsəd artıq mövcud deyilsə, onun bugünkü funksiyası nədir?

    1932-ci ildə məqsəd yaradıcı istehsalı nəzarət və istiqamətləndirmək üçün mərkəzləşdirmək idi. 2026-cı ildə məqsəd nədir? Bu sualın cavabı sadəcə “ənənədir” ola bilməz.

    BƏLKƏ ONLAR ARTIQ BAŞQA İŞ GÖRÜRLƏR?

    Ola bilsin, biz həmin qurumlardan artıq səhv şey gözləyirik. Bəlkə onlar, əsasnamələrinə baxmayaraq, artıq mədəniyyət sənayesini idarə edən təşkilatlar deyil, tamam başqa funksiyaya çevriliblər - veteran yaradıcı insanların görüşdüyü məkan, yubileylərin keçirildiyi yer, fəxri fərmanların verildiyi təşkilat, maddi çətinliyi olan sənətkara yardım göstərən birlik, onillərlə bir-birini tanımış insanların görüşüb keçmişi və gələcəyi danışdığı bir yaradıcı cəmiyyət. Əgər məqsəd budursa, bunda pis heç nə yoxdur. Əksinə. Azərbaycan üçün böyük işlər görmüş insanların yaşlandıqdan sonra unudulmaması normal cəmiyyətin göstəricisidir. Dövlət onlara təqaüd, tibbi təminat, yaradıcılıq şəraiti, arxivlərinin qorunması və digər imkanlar yaratmalıdır. Və bu qayğı yalnız ittifaq rəhbərlərinə deyil, ölkəyə xidmət etmiş bütün layiqli insanlara şamil edilməlidir.

    Sadəcə iki ayrı anlayışı qarışdırmamaq lazımdır:
    1. Sənətkara ehtiram;
    2. Mədəniyyətin idarə edilməsi.

    Birincisi əxlaqi borcdur. İkincisi idarəçilik məsələsidir.
    Azərbaycanda niyəsə sənətkarlar vəzifədə deyillərsə, onlar unudulur və gündəmdən kənarda qalır. Amma unutmayaq ki, yaradıcı insanlar fərqlidir - onlar üçün Şöhrət yalnız medal deyil - həyatlarını davam etdirən stimuldur. Xatırlayıram, Rüstəm İbrahimbəyovun cənazəsi belə, yerdən qaldırılma mərasimi gur alqışlarla müşayiət olundu! 

    Aktrisa Şəfiqə Məmmədova, bəstəkar Firəngiz Əlizadə, yazıçı Anar, rəssam Fərhad Xəlilovun Azərbaycan mədəniyyətindəki yeri məlumdur - onlar ölkəmiz üçün böyük sənətkarlardır. Onların və xalqa can-başla qulluq edən digər sənətkarların da dəyəri tam şəkildə qiymətləndirilməli və artıqlaması ilə ödənilməlidir. Onlarsız bizim milli mədəni-maarif formasiyamız destruktiv olardı. Lakin SSRİ-dən qalan Azərbaycan cəmiyyətində təəssüf ki, hələ də sənətkarın dəyəri onun qəbiliyyəti ilə deyil, vəzifəsi ilə ölçülür. Bəzi hallarda bu absurda gətirib çıxarır - "Yaxşı bəstəkar olsaydın, səni Bəstəkarlar İttifaqının sədri vəzifəsinə təyin edərdilər"... Hansı janrda fəaliyyat göstərən bəstəkardan gedir söhbət? Caz, rok, rep və ya simfonik müsiqi? Bu seçimi xalq edirsə, XXI əsrdə "Shazam", "Apple Music", "Youtube" və s. var. Azərbaycan üzrə reytinqlərə baxın - yarım milyon baxışla türkiyəli "Blok 3" Repçi - "Səbəbi var" mahnısı ilə liderdir. Simfonik musiqi 72-ci yerdədir, o da popuri...

    İTTİFAQLARDAN NƏ İSTƏYİRİK?

    Məncə, sualı belə qoymaq daha ədalətlidir. Niyə 80-lər ətrafında olan, Azərbaycan üçün çox dəyərli insanların qarşısına Azərbaycan kinosu, teatrı, ədəbiyyəti və ya rəssamlığın gələcəyini qoyuruq? Niyə onlar bu yaşlarında böyük bir təşkilatın inzibati yükünü daşımalıdırlar?  Niyə məqalənin mövzusu olan bu yaşlı sənətkarlardan get-gedə reallıqdan uzaqlaşaraq suni intellekt neyroşəbəkələrində formalaşan incəsənətin institusional gələcəyini qurmasını gözləyirik? Burada söhbət həmin insanların fiziki və ya zehni imkanları haqqında hökm verməkdən getmir.
    Sual başqadır: Artıq fikir istiqaməti 7D neyroşəbəkələrdə formalaşan dünyada institutun gücü müdrik rəhbərin orada nə qədər uzun qalması ilə, yoxsa bu quruma bu dövrdə ümumiyyətlə ehtiyacın olub-olmaması ilə ölçülür?

    1932-dən 2026-ya

    Mən buna görə Kinematoqrafçılar İttifaqının son seçkisinə təkcə “niyə Şəfiqə Məmmədova?” sualı ilə baxmaq istəmirəm. Daha maraqlı sual var: 1932-ci ildə yaradılmış institusional düşüncə 2026-cı ildə Azərbaycan mədəniyyətinə nə verir? Əgər verirsə, konkret nə verir? Gənc sənət istedadlarını, yeni LLM-ləri (Large Language Model - Nəhəng Dil Modeli) inkişaf etdirərək onları milli serverlərdə yaradıcılıqlarını render etməyə dünya bazarına çıxarır? Yazıçıya beynəlxalq bazara çıxış təşkil edir? Bəstəkarın müəllif hüququnu qoruyur? Rəssamı qlobal bazara çıxarır? Gənc sənətçiyə qrant verir? Peşəkar hüquq müdafiəsi ilə bizim milli incəsənət sərvətlərimizi qoruyur? Yeni texnologiyaları sənətə gətirir?

    Axı bu gün həmin o LLM vasitəsi ilə bir aya bütün dünya ədəbiyyatını Azərbaycan dilinə və Azərbaycan ədəbiyyatını dünya dillərinə tərcümə etmək olar. Və bunu bir adam edə bilər və bir "laptop"da...
    Süni intellekt, rəqəmsal distribusiya, müəllif hüquqları, streaming, beynəlxalq koproduksiya kimi XXI əsrin problemlərinə artıq cavab verir?
    Əgər sadalanan işləri edirsə, deməli ittifaq yaşayır. Rəhbərinin 40, 60 və ya 80 yaşı ikinci dərəcəli məsələdir. Amma əgər institutun əsas fəaliyyəti öz mövcudluğunu davam etdirməkdirsə, onda onun problemi rəhbərinin yaşı deyil. Öz yaşıdır.

    Yeni dünyaya uyğunlaşmayan şirkətlər, texnologiyalar, peşələr və media qurumları zamanla kənarda qalırlar. Əsas odur ki, özlərini kənardan görə bilsinlər.

    LAO TZI

    Və burada Lao Tzını xatırladım. Tarixi Lao Tzı ilə əfsanəvi Lao Tzınu bir-birindən ayırmaq çətindir. Amma bəzən əfsanənin daşıdığı fikir faktın özündən daha uzun yaşayır. Sima Qianın danışdığı rəvayətə görə, Lao Tzı uzun müddət Zhou sarayında çalışır. Sonra yeni nəslin dövləti tənəzzülə sürdüyünü görür və getməyi qərara alır. Sərhədə çatanda Komandan onu buraxmır, onsuz dövlətdə həyatın dayanacağını deyir. Amma bu müraciətlər müsbət qarşılanmayanda Lao Tzıdan heç olmasa bildiklərini yazmasını xahiş edir. Lao Tzı təxminən beş min işarədən ibarət mətn yazır (14 səhifə) və...  bu mətn bu günə kimi "Dao De Jing" kimi dahi dini və fəlsəfi sənəd kimi tanınır.
    Sonra o, yoluna davam edir. Bu hekayədə mənim üçün ən maraqlı şey onun nə yazdığı deyil. Yüksək hörmətə sahib olan zaman getməyi özü seçməsidir. İnsan üçün bu qərar asan deyil. Uzun illər tutulan mövqe təkcə iş olmur. O, insanın sosial kimliyinə, gündəlik ritminə, ətrafına, hörmət hissinə və “Mən hələ lazımam” duyğusuna çevrilə bilir. Ona görə kiməsə kənardan “Get” demək çox asandır.

    Lao Tzı haqqında rəvayətin gözəlliyi ondadır ki, onu heç kim qovmur. O, özü anlayır ki, onun mərhələsi, onun dövrü bitib, o artıq yeniləri anlamır. Və ən əsası, bildiyini özü ilə aparmır. Gələcək nəsillərə ötürür.

    Şəxsən məndə Lao Tzının sərhədə doğru gedən qoca obrazı rəğbət hissi yaradır və düşündürür. Ona görə mən uşaqlıq həvəsim olan ANS dövrünü asanlıqla bağladım və yeni dünyaya getdim. Amma bütün biliklərimi və məktəbimi gələcək nəsillıərə təhvil verdim, ötürdüm. Arxamda böyük bir əmək qaldı, qarşımda daha da maraqlı yol. Özümlə isə vəzifəmi və kreslomu yox, fikrlərimi və yeni ideyalarımı apardım.

    İki min ildən artıq vaxt keçib. Laonun çalışdığı Zhou sarayında olan hansı idarənin hansı otaqda yerləşdiyini heç kim xatırlamır. Amma Lao Tzının fikirləri hələ yaşayır. Bəlkə insanla institut arasındakı əsas fərq də budur. Bu isə artıq ali seçimdir və buna hər adam qadir deyil.

    Və Azərbaycan yaradıcı ittifaqları haqqında əsas sual bəlkə də onların başında kimin dayanması deyil. Əsas sual budur: onlar hələ də 1932-ci ildə qurulmuş dünyanın institutlarıdır, yoxsa 2026-cı ilin Azərbaycanının gözəl və unudulmaz xatirələr məclisi?