Ermənistan MDB ölkələrinə münasibətdə həmişə özünü tərəfdaş kimi aparmır.
Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Bişkekdə Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında deyib.
Onun fikrincə, MDB-də vəziyyəti daha tənqidi qiymətləndirmək və başımızı qumda gizlətməmək lazımdır.
“Qərb bu günə qədər bizi sarsıtmağa, zəiflətməyə və öz maraqlarına tabe etməyə cəhd göstərir. Birincisi, Gürcüstan bizim birlikdən çıxdı, de-fakto Ukrayna da bizimlə deyil. Moldova haqqında böyük suallar var. Təəssüf ki, Ermənistan da özünü heç də həmişə tərəfdaş kimi aparmır”, - deyə dövlət başçısı bildirib.
O vurğulayıb ki, bunu kənardan sakitcə müşahidə etmək olmaz, “əks halda biz sadəcə olaraq parça-parça olacağıq”.
“Biz görürük ki, bir anda başımıza açılan bütün köhnə münaqişələr qaçılmaz olaraq çox acınacaqlı nəticələrlə üzə çıxır. Allaha şükürlər olsun ki, nəinki bu münaqişələrin həllinə meyl var, hətta bəzilərinin öhdəsindən uğurla gəlinib”, - Lukaşenko bildirib.