Mərkəzi Bank uçot dərəcəsini aşağı saldı
Qərar inflyasiyaya təsir edən xarici və daxili amillərin dəyişimi nəzərə alınmaqla verilib
Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 9%-dən 8.5%-ə, faiz dəhlizinin aşağı həddi 7.5%-dən 7%-ə, faiz dəhlizinin yuxarı həddi isə 10%-dən 9.5%-ə endirilib.
AMB-dən verilən məlumata görə, bu qərar inflyasiyaya təsir edən xarici və daxili amillərin dəyişimi, eləcə də valyuta bazarında təklifin tələbi əhəmiyyətli üstələməsi nəzərə alınmaqla verilib.
"Pul siyasətinə həsr edilmiş ötən iclasdan bəri illik inflyasiya tempinin azalma meyli davam etmişdir. 2023-cü ilin sentyabrında illik inflyasiya hədəf diapazonunda (4±2%) olmaqla 5.1% səviyyəsinə düşüb. İllik inflyasiya tempi ötən ilin sentyabr ayında qeydə alınmış illik inflyasiya (15.6%) ilə müqayisədə 3 dəfədən çox aşağıdır. İllik baza inflyasiyasının tempi də azalaraq sentyabrda 5.2% olub".