Məsut Özilin Bakı səfərinin məqsədi bəlli olub
O, "Qarabağ" klubunun akademiyasının gənc futbolçuları ilə də oynayıb
Azərbaycanda səfərdə olan Almaniya millisinin və İspaniya “Real Madrid”inin sabiq futbolçusu Məsut Özil “Azersun Arena”da “Qarabağ”ın açıq məşqini izləyib.
Adını futbol tarixinə qızıl hərflərlə yazdırmış veteran yarımmüdafiəçini Gənclər və İdman Nazirliyinin, eləcə də Ağdam klubunun nümayəndə heyəti müşayiət edib.
Ulduz futbolçu onu izləməyə gələn azarkeşlərə təşəkkür edib. Azərbaycana gəldiyi üçün xoşbəxt olduğunu deyən M.Özil təəssüratlarını bölüşüb: “Qarabağ bizim canımızdır. Bu şəhəri təmsil edən komandaya uğurlar arzulayıram".
O, daha sonra "Qarabağ" klubunun akademiyasının gənc futbolçuları ilə əyləncəli oyunda üz-üzə gəlib.
Az əvvəl isə Almaniya millisinin və İspaniya “Real Madrid”inin sabiq futbolçusu Məsut Özilin Bakıya səfərinin səbəbi bəlli olub.
Bu barədə türkiyəli professor İrfan Gündüz ulduz futbolçunun Bakıya səfəri ilə bağlı təşkil olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, M.Özilin adını daşıyan futbol akademiyalarından biri də Azərbaycanda olacaq.
Qeyd edək ki, Türkiyə əsilli veteran yarımmüdafiəçi "Real Madrid"dən başqa, İngiltərənin "Arsenal" və ölkəsinin "Fənərbağça" komandalarının da formasını geyinib. O, 2014-cü ildə Almaniya millisinin heyətində Braziliyada keçirilmiş dünya çempionatının qalibi olub.