Monqolustanda etirazçılar hökumətin istefasını tələb edir
Nümayişçilər paytaxt Ulan-Batorun mərkəzi prospektini bağlayıblar

Monqolustanın paytaxtı Ulan-Batorda hökumət əleyhinə etirazlar keçirilir.
Monqolustanda hökumətin istefası tələbi ilə kütləvi aksiyalar başlayıb. Yerli media yazır ki, etirazçılar ölkə hökumətini havadakı smoqla (daş kömürün yandırılması nəticəsində əmələ gəlir), işsizlik, tıxaclar, yoxsulluq və korrupsiya ilə mübarizə aparmamaqda ittiham edirlər.
Toplaşanlar hakimiyyətin hərəkətlərindən, bahalaşmadan narazılıqlarını bildirib, həmçinin hökumətin istefasını tələb ediblər. Nümayişçilər paytaxtın mərkəzi prospektini bağlayıblar. Bu gün günortadan sonra keçirilən aksiyalarda 3 minə yaxın insan iştirak edib.