XƏBƏRLƏR / Siyasət

Moskva “bu fəlakətin baş verməsi üçün şərait yaratdı”

Bunu Aktau faciəsi haqda Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas deyib

Moskva “bu fəlakətin baş verməsi üçün şərait yaratdı”
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Moskva “bu fəlakətin baş verməsi üçün şərait yaratdı”. Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas “Welt” qəzetinə müsahibəsində Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğramasını şərh edərkən belə deyib.

    Faciənin səbəbləri ilə bağlı versiyalar arasında təyyarənin Qroznıda eniş etmək istəyərkən Rusiyanın hava hücumundan müdafiə sistemi tərəfindən vurulması ilə bağlı bəyanatlar getdikcə artır. Kallasın sözlərinə görə, bunun lehinə “artan dəlillər” var. Siyasətçi qeyd edib ki, nəticədə istənilən halda insidentə görə məsuliyyət Rusiya hakimiyyətinin üzərinə düşür.

    Kallas, həmçinin Rusiyanı son aylarda Avropada təxribat cəhdlərində ittiham edərək, onu Aİ infrastrukturunu destabilləşdirmək üçün koordinasiya edilmiş hərəkətlər sisteminin bir hissəsi adlandırıb. Kallas iddia edir ki, Rusiya Federasiyası bu hadisələrdə iştirak edir. Baş avropalı diplomat qeyd edib ki, Rusiya Ukraynaya genişmiqyaslı müdaxiləyə başladıqdan sonra Avropada təxribatların sayı artıb. Məsələn, Kallas, Finlandiya müstəntiqlərinin Rusiyanın “kölgə donanmasının” "Eagle S" tankerinin iştirakından şübhələndiyi Baltik dənizində "Estlink 2" sualtı kabelinin zədələnməsini göstərdi.

    Bunun fonunda Kallas Rusiya gəmilərinə qarşı daha sərt tədbirlərin tətbiq ediləcəyini açıqlayıb. O qeyd edib ki, Rusiya “kölgə donanması”nın qaydaları pozaraq fəaliyyət göstərən gəmiləri də ətraf mühitin çirklənməsinə görə məsuliyyət daşıyır.

    Kallas hesab edir ki, ABŞ-da hakimiyyətin seçilmiş prezident Donald Trampın komandasına keçməsindən sonra Vaşinqton Rusiya Federasiyasına qarşı “inamlı və sərt” davranmalı və Kiyevi dəstəkləməlidir. “Ukraynaya yardım paylanma deyil, hamımızın təhlükəsizliyinə sərmayədir. ABŞ Rusiyaya qarşı möhkəm dayansa, Çinlə problemlərin qarşısını alacaq. Ukraynanın dəstəyi amerikalıları gələcək münaqişələrdən qoruyacaq”, - Avropanın baş diplomatı bildirib.

    Müsahibə zamanı baş avropalı diplomat Rusiya Federasiyasının dondurulmuş aktivlərindən əldə olunan gəlirlərin Ukraynaya müharibə və ölkənin yenidən qurulmasında dəstək üçün gələcəkdə istifadə edilməsi məsələsini də qaldırıb: “Rusiya vurduğu ziyanı ödəməlidir. Kiyevin təzminat tələbi qanunidir. Dondurulmuş aktivlərin bir hissəsinin və ya hamısının Ukraynanı gücləndirmək üçün necə istifadə oluna biləcəyini müzakirə etməliyik”.