BLOQ

Moskva görüşündə ziddiyyətlərin mübarizəsi və vəhdət

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin ()CSSC) şərhi

Moskva görüşündə ziddiyyətlərin mübarizəsi və vəhdət
  • Oxuma müddəti:

    5 dəqiqə

  • İyulun 15-də Azərbaycan Respublikası (AR) Prezidenti İ.Əliyev və Ermənistan (ER) Baş naziri N.Paşinyan arasında Brüsseldə görüş keçirilən gün Rusiya (RF) XİN-i bəyanat verərək danışıqlar prosesində proqresin Moskvanın nəzarətindən çıxmasına görə açıq qısqanclığını, narahatlığını və narazılığını nümayişkarənə şəkildə ifadə etdi.           
       
    İyulun 15-də RF XİN-i bəyanatının girişində Paşinyana qarşı diplomatik dildə ittiham və irad irəli sürüldü. Göstərildi ki, 2022-ci ilin oktyabrında və 2023-cü ilin mayında Ermənistan Qarabağı AR-ın ərazisi kimi tanımaqla “9 noyabr 2020-ci ildə imzalanan üçtərəfli razılaşmanın əsas şərtlərini kardinal olaraq dəyişib”. Eləcə də, bəyanatda Qarabağ ermənilərinin taleyi ilə bağlı məsuliyyətin 3cü tərəflərin üzərinə (yəni Rusiyanın) qoyulmaması tövsiyyə edildi.

    Bu bəyanatla RF 2 mesajı çatdırmağa çalışdı:

    1-ci mesaj erməni cəmiyyətinə ünvanlanıb- danışıqlar prosesində ER-ın mövqelərini getdikcə itirməsi ilə bağlı məsuliyyət tamamilə Paşinyan və Qərb formatı üzərindədir.

    2-ci mesaj Paşinyan hakimiyyətinə ünvanlanıb- ER öz mövqelərini Qərb platformasındakı danışıqlarda “güzəşt etməyə davam edərkən” RF-dan ER-ın mövqeyini İrəvandan daha çox müdafiə etməsini artıq tələb etməməlidir. Belə ki, göstərilən mövqe Moksvanın Bakı ilə  münasibətlərinə xələl gətirir.

    İndiyə qədər RF Qərb platformasında əldə edilən proqresi, yəni ER-ın güzəştlərini qəbul və təsdiq etməyə məcbur olurdu. RF-ın ER-ı İrəvandan daha çox qoruması cəhdlərinə görə bu platformada irəliləyiş olmurdu, təşəbbüs isə Qərb platformasının əlində qalırdı. Mayın 25-də İ.Əliyev və N.Paşinyan arasında Moskvada V.Putinin iştirakı ilə keçirilən görüş də heç bir nəticə ilə yekunlaşmamışdı. Çünki, danışıqlarda proqres yalnız və yalnız ER-ın qeyri-konstruktiv mövqelərindən geri çəkilməsi nəticəsində mümkün olur. Yaranmış bu vəziyyət RF-ı danışıqlar prosesində Qərb platforması ilə konstruktiv rəqabətə məcbur etməkdədir.

    Bu baxımdan iyulun 25-də Moskvada AR və ER XİN-lərinin görüşünün nəticələrinə dair Lavrovun mətbuat üçün açıqlaması həmin rəqabətin müsbət nəticəsi idi. Belə ki, Qərb platformasında müsbət irəliləyişdən sonra “Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyi” mücərrəd anlayış kimi əsas maneə olaraq qalırdı. Buna əsaslanaraq ER hansısa beynəlxalq mexanizmlər tələb edirdi.

    ABŞ-ın ER-dakı səfiri də “Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi” ilə bağlı müzakirənin nəticələrinin əvvəlcədən müəyyən edilmədiyini göstərməklə ER-ın Qarabağlı erməniləri ilə bağlı “xilas olmaq naminə ayrılma” (Remedial secession) arzusuna eyham vurmuşdu.
    Lavrovun bəyanatında isə Qərb platformasından da irəli gedilərək Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi mövzusunun çərçivələri müəyyən edildi: Azərbaycanın qanunvericiliyi və ərazi bütövlüyü; Alma-Ata bəyannaməsi; AR-ın qoşulduğu milli azlıqlara dair beynəlxalq konvensiyalar.
    Beləliklə, ER-nın “Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinə” dair tələbi mücərrədlikdən çıxaraq gələcək danışıqlarda, eləcə də Qərb platformalarında müzakirələrdə öz çərçivələrini müəyyən etmiş oldu.

    Lavrovun bəyanatında digər müsbət məqamlar:
    - “ER Qarabağdakı ermənilərə təsir etməlidir” göstərilir. Yəni, ER işğalçılıq siyasəti ilə və hələ də Qarabağdakı rejimi maliyyələşdirməklə buranın ermənilərinin məsuliyyətini üzərini götürüb;
    - 3-cü tərəf və beynəlxalq mexanizmlər olmadan Qarabağda ermənilərinin AR hökumətinin nümayəndələri ilə danışıqları göstərilir;
    - Sülhməramlıların "faydalı" işi qeyd olunmur;
    - Laçın yolu və ya “dəhlizi” barədə söz açılmır;
    - Qarabağ ermənilərinin ehtiyaclarını ödəmək üçün təminatı və təhcizatı yolu (Laçın) üçün ER imperativ olaraq göstərilmir; 
    - ER ərazisində milli azlıqlar (Qərbi azərbaycanlılar) məsələsi gündəmə gətirilir.

    Beləliklə, AR-ın yeritdiyi xarici siyasətlə fərqli və bir birinə düşmən qütblərin platformalarının birində əldə edilən nəticələr digərinə proyeksiya edilərək inkişaf etdirilir. İndi isə top Qərbin meydançasına keçdi, ona görə də proqres üçün daha aydın və konkret mövqe ortaya qoyulmalıdır.